Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
Hərracda 6 kiçik dövlət müəssisəsi, 5 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 13 əmlak özəlləşdirilib.
İstifadəsiz qeyri-yaşayış sahələrindən 3-ü, nəqliyyat vasitələrindən isə 2-si Bakıda, qalan əmlaklar isə regionlarda yerləşir. Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Belə obyektlərə Sumqayıt şəhərində yerləşən “Şəfəq kafesi”, İmişli rayonundakı “Tərəvəz Anbarı”, Göyçay rayonundakı “Taxıl Məhsullarının emalı və satışı müəssisəsi” aiddir. “Şəfəq kafesi”nin torpaq sahəsi 320 kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 121 kv.m, “Tərəvəz Anbarının torpaq sahəsi 574 kv.m, ümumi faydalı sahəsi isə 2 234 kv.m, “Taxıl Məhsullarının emalı və satışı müəssisəsi”nin isə torpaq sahəsi 6 452 kv.m, ümumi faydalı sahəsi 213 kv.m təşkil edir.
Bölgələrdə özəlləşdirilən 6 kiçik dövlət müəssisəsinin 3-ü İmişlidə, qalanları isə Göyçay, Xaçmaz və Sumqayıtda yerləşir.
Paytaxtda özəlləşdirilən qeyri-yaşayış sahələrindən 2-si Nəsimi, 1-i isə Nizami rayonunda yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış obyektlərinin isə hər ikisi Mingəçevir şəhərindədir. Onların sahəsi 15 – 49 kv.m arasında dəyişir.
Özəlləşdirilən nəqliyyat vasitəsinin markaları isə “Hyundai Sonata” və “QAZ-3307”dir. Avtomobillər müvafiq olaraq 2007-ci il və 2008-ci ilin buraxılışıdır.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
Bu il ƏMDK 110 hərrac keçirib. Bununla bağlı 500-ə yaxın şirkətə, 40-a yaxın investisiya, beynəlxalq konsaltinq şirkətinə, özəlləşdirmə prosesi, ölkədə mövcud olan investisiya mühiti, özəlləşdirmənin faydaları, üstünlükləri, hərraclar və digər məsələləri əhatə edən müraciətlər ünvanlanıb.