Mərkəzi Bankların monetar siyasətləri, İtaliya və Çində mümkün böhranlar, qlobal natarazlıqlar, populizm, aktivlərin qiymətlərinin həddən artıq şişməsi, Yaponiya problemi, Brexit və azalan qlobal likvidlik qlobal maliyyə böhranına gətirib çıxara bilər.
“Bloomberg” agentliyinə istinadən, bu barədə Almaniyanın “Deutsche Bank”ının strategiya mütəxəssisləri – Cim Reyd (Jim Reid), Sukanto Çanda (Sukanto Chanda) və Kreyq Nikol (Craig Nicol) qlobal maliyyə sistemi üçün təhlükə yaradan amilləri əks etdirən hesabatlarında qeyd ediblər.
“ABŞ, Avropa və İngiltərə Mərkəzi Bankları başda olmaqla bir çox Mərkəzi Bankın maliyyə bazarları və bank sistemini dəstəkləmək üçün trilyon dollarlarla aldıqları aktivlər qeyri-müəyyənliklər yaradıb. Əgər Mərkəzi Banklar bu istiqamətdə proqramlarını dayandırsa, qeyri-sabit maliyyə sistemi ilə üzləşə bilərik”,- deyə hesabatda qeyd olunur.
“Deutsche Bank” qlobal aktivlərin qiymətlərində izafi artıma diqqət çəkərək bildirib ki, bu qiymət səviyyələri bir anlıq kəskin satışların başlamasına səbəb ola bilər.
Həmçinin hesabatda inkişaf etməkdə olan ölkələrin qiymətli kağızlar bazarından kapitalın sürətli şəkildə çıxmasının mümkünlüyü ilə bağlı narahatlığını bildirib. Bank nəticədə maliyyə bazarlarında likvidlik problemi yaranacağını qeyd edib.
©Report