2 C
Baku
Saturday, December 14, 2024

Kredit kartı debet kartından nə ilə fərqlənir?

Bank kartı əldə etməyi planlaşdırırsınız və yaxud istifadə edirsiniz? Banker.az bu yazı ilə debet və kredit kartları arasında əsas fərqlərdən xəbərdar olmağı təklif edir.

Debet bank kartı nədir:

Beləlikə, debet kartı müştərinin bankdakı cari hesabına bağlı bank kartıdır və alış-veriş anında həmin hesabda olan məbləğ çərçivəsində vəsaitdən istifadə etməyə imkan verir. Daha doğrusu, müştəri debet kartı almaq üçün ilk növbədə hesab açır, bu hesaba pul yatırır və yalnızca bundan sonra onlardan nağdsız formada istifadə edə bilər. Mahiyyət etibarilə, belə bir kart sizin “plastik” pulqabınız rolunu oynayır.

Debet kartının köməkliyi ilə bankomatdan nağd pul çıxarmaq, pərakəndə və online mağazalarda (əcnəbi mağazalar da daxil olmaqla) alış-verişin hesabını ödəmək, başqa kartlara vəsait köçürmək mümkündür. Banklar debet kartlar üzrə xidmətin göstərilməsinə müxtəlif komissiya haqqı tələb edə bilər: bu kartın özünün buraxılma haqqı, hesabın illik xidmət haqqı, bankomatdan nağd pul çıxarılmasına görə nəzərdə tutulan komissiya da ola bilər. Bununla yanaşı, plastik kart üzrə xidmətlərin əksəriyyəti ödənişsiz olaraq həyata keçirilir (smslə məlumatlandırma, internet bankçılıq).

Debet kartları ödəniş sistemlərinə görə beynəlxalq və yerli olaraq iki qrupa bölünür. Ödəniş sistemlərinin hər biri funksiyaların məhdudlaşdırılması və yaxud genişləndirilməsi fonunda özünəməxsus xüsusiyyətlərə malikdir. Məsələn, Visa Electron və Maestro plastik kart növləri ilə bəzən internetdə hər hansı məhsul və yaxud xidmətin hesabını ödəmək mümkün olduğu halda, xarici ölkədə alış-veriş həyata keçirmək mümkün olmayacaq. Əvəzində isə bu kartların illik xidmət haqqı ucuz başa gələcək. Bunun əksinə, Cisa Classic və yaxud Mastercard Standart kartları universaldır. Bu kartların köməkliyi ilə online alış-veriş etmək və rahatlıqla xarici ölkəyə səyahət zamanı özünüzlə aparmaq mümkündür.

Əmək haqqı kartları debet kartlarının bir növüdür. Bu kartlar “maaş layihəsi” çərçivəsində təqdim edilir. Bu bank və müəyyən təşkilat arasında razılaşmadır ki, bunun da şərtləri daxilində bank həmin təşkilatın əməkdaşlarını plastik kart ilə təmin edir və onlara hesablarla bağlı xidmət edir. Müştərinin maaşı həmin hesaba yatırılır. Adətən bu kartlar pulsuz olaraq verilir, lakin onların funksiyaları məhdud olur (məsələn, bu kartlardan digər ölkələrdə istifadə etmək imkanı yoxdur).

Maaş kartlarına adətən overdraft tətbiq olunur. Overdraft elə bir kredit vermə prosesidir ki, bu zaman insan müəyyən məbləğdə vəsait alır, lakin bu məbləğdən bir qədər artıq xərcləyə bilir. Bu kartı kredit kartı ilə səhv salmaq olmaz. Bu halda güzəştli dövr və faiz dərəcəsi olmur. Banklar adətən overdraftın ödənilməsi üçün 2 ay vaxt tələb edir. Əgər kart maaş kartı şərtlərində buraxılıbsa, adətən overdraftın həcmi maaşın müəyyən faizini və yaxud iki aylıq maaş məbləğində təyin edilir. Beləliklə, bu xidməti gözlənilməz vəziyyətlər üçün sığorta olaraq qəbul etmək mümkündür.

Kredit bank kartı nədir?

 

Kredit bank kartı debet bank kartından fərqli olaraq tamamilə başqa bank məhsuludur. Kredit kart sahibi də ondan mağazada və internetdə ödəniş etmək, bankomatdan nağd pul çıxarmaq, digər istifadəçiyə pul göndərmək üçün istifadə edə bilər. Lakin müştəri bütün bunları bank vəsaitləri hesabına həyata keçirir. Yəni bu o deməkdir ki, müştəri istənilən zaman bankın ona təqdim etdiyi kredit xəttindən istifadə edə, xərclədiyi vəsaitləri isə bir qədər gec qaytara bilər.

Kredit kartı öz xüsusiyyətlərinə görə debet kartlarından fərqlənir. Və bankdan məhz belə bir məhsul əldə edərkən daha sonradan xoşagəlməz vəziyyətə düşməmək üçün bütün nüansları dəqiqləşdirmək lazımdır. Kredit kartının əsas xüsusiyyətləri kredit limiti, güzəştli dövr və faiz dərəcəsidir. Kredit limiti – müştərinin müəyyən komissiya, yəni faiz dərəcəsi qarşılığında kartdan maksimum xərcləyə biləcəyi pul məbləğidir. Güzəştli dövr – kredit vəsaitlərindən faizsiz olaraq istifadə edilməsi mümkün olan zamandır. Bu dövr adətən 30-100 təşkil edir.

Müştəri kredit kartı əldə edərkən faiz dərəcəsi ilə yanaşı, ödəyəcəyi əlavə komissiya haqqları ilə də yaxından tanış olmalıdır. Bu komissiya haqqına bankomatdan nağd pul çıxarmaq, pul köçürməsinə görə komissiya, aylıq komissiya daxildir. Bununla belə, adətən ticarət-xidmət müəssisələrində nağdsız əməliyyatlara görə komissiya haqqı tutulmur.

Beləliklə, kredit kartı çox rahat hesablaşma aləti olmaqla, kifayət qədər də bahadır. Xərclədiyiniz borc vəsaitlərini nə qədər tez bir müddətdə geri qaytara bilsəniz, bank vəsaitlərini istifadə etdiyinizə görə bir o qədər az ödəyəcəksiniz. Kredit kartı üzrə borcu ödəmək üçün sadəcə olaraq bankomatda və yaxud bankın kassasında onun hesabını doldurmaq kifayətdir.

Kredit kartları da debet kartları kimi müxtəlif ödəniş sistemlərinin, maqnit zolaq və yaxud çiplə təchiz edilmiş, təmassız texnologiyanı dəstəkləyib-dəstəkləməyən ola bilər.

Son xəbərlər
Digər xəbərlər