2 C
Baku
Saturday, December 14, 2024

Dollar üzərindən qarşıdurma: gözlənilməz proseslər baş verə bilər

“2017-ci ildə dünyanın aparıcı mərkəzi banklarının, o cümlədən ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasəti əvvəlki illərdən tamamilə xeyli fərqlənir”. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov açıqlamasında deyib.

Onun sözlərinə görə, əvvəlki dövrlərdə, xüsusən də Avropada monetar ekspansiyanın genişlənməsini müşahidə edirdik: “Avropa Mərkəzi Bankı (ECB — red.) tərəfindən dövriyyəyə buraxılan istiqrazların həcmində artımlar müşahidə olunurdu. Amma son dövrlər fərqli bir tendensiya müşahidə edilməkdədir. Bu da özünü avronun məzənnəsinin möhkəmlənməsində göstərir”.

Ekspertin fikrincə, eləcə də ABŞ-da FED ilə Ağ Evin dolların məzənnəsi ilə bağlı məsələyə münasibəti fərqlidir: “Tramp administrasiyası dolların ucuzlaşmasında maraqlı görünür. FED isə mövcud status-kvonun saxlanılmasında maraqlıdıır. Nəticədə dünyanın iqtisadi baxımdan aparıcı dövlətinin öz milli valyutasının məzənnəsinə yanaşması fərqlidir. Eyni zamanda, FED-in özündə də bir sıra məsələlərə yanaşma eyni deyil, fərqlidir. Hər zaman fərqli olub, amma 2017-ci ildə daha böyük fərqlər müşahidə edilməkdədir”.

Onun qənaətincə, FED-in balansında olan aktivləri satışa çıxarması və qlobal maliyyə bazarına əlavə aktivlərin daxil olması da nəticə etibarı ilə qlobal monetar balansa təsir göstərməkdədir: “Çin, xüsusən də ABŞ-ın mövcud monetar siyasəti fonunda dünya bazarına çıxış potensialını, imkanlarını qorumağa çalışır. Bu da Çin tərəfindən artıq yeni monetar siyasətin həyata keçirilməsini zəruri edir”.

“O baxımdan Yaponiya və Böyük Britaniya ilə bağlı da oxşar dəyişiklikləri müşahidə edirik. Bu mənada, əslində 2017-ci il dünyanın aparıcı mərkəzi banklarının siyasətində tamamilə fərqlilik yaratdı. Amma bunun qısa zamanda qlobal maliyyə böhranına gətirib çıxaracağını proqnozlaşdırmaq doğru olmazdı. Bu, balansı pozur, dəyişir və nəticə etibarı ilə biz ABŞ dollarının aparıcı valyutalara nisbətən ucuzlaşmasını belə, müşahidə edə bilərik” — Bayramov bildirib.

“Əgər FED, eləcə də Ağ Ev mövcud siyasəti davam etdirərsə, fərqli valyutaların məzənnələrində dəyişikliklər istisna edilmir. Amma hələlik qlobal maliyyə böhranı üçün ciddi əsaslar yoxdur. Güman etmirəm ki, qlobal maliyyə böhranı yaşansın” – deyə o, əlavə edib.

İqtisadçının fikrincə, əgər proseslər belə davam edərsə, xüsusən də mərkəzi banklar bir-birinə uyğunlaşdırılmayan və uzlaşdırılmayan siyasəti davam etdirərsə, bu, 2018-ci ildə qlobal maliyyə bazarında fəsadlara gətirib çıxarda bilər: “Hər halda qlobal böhran olmasa belə, biz regional böhranlar və ya xüsusən də birjalarda fərli dəyişikliklər müşahidə edə bilərik. Ona görə bu kontekstdən güman edirəm ki, xüsusən uzlaşdırılmayan siyasət nəticə etibarı ilə qlobal bazarda böhran yaratmasa belə, amma, 2018-ci ildə qlobal maliyyə bazarında yeni və mənfi fəsadları müşahidə edə bilərik”.

 

“Hələlik həm FED-in, həm də Avropa Mərkəzi Bankının genişləndirici pul siyasətini müəyyən qədər məhdudlaşdırması bank sektoru üçün ciddi problem yaratmayacaq”. Bu sözləri isə iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Onun sözlərinə görə, xüsusən 2008-ci ildən sonrakı dövrdə hər iki qurum daha çox likvidlik dəstəyi məqsədilə genişləndirici pul siyasəti həyata keçirir: “Amma bu, öz növbəsində də digər problemlərin yaranmasına gətirib çıxardır. Burada əsas problemlərdən biri məhz balonların maliyyə-bank sektorunda formalaşası məsələsidir. Çünki kreditləşmə nə qədər ucuz formada həyata keçirilirsə, bu, son nəticədə real kredit qabiliyyəti olan müştərilərə deyil, kredit qabiliyyəti olmayan müştərilərin hesabına da portfelin formalaşmasına gətirib çıxardır”.

Ekspertin fikrincə, əgər hər hansı bir iqtisadi risk ortaya çıxarsa, bu portfel qısa müddət ərzində toksikləşə bilər: “Bu baxımdan da düşünürəm ki, məhz qeyd edilən qurumların genişləndirici pul siyasətini məhdudlaşdırmaq istiqamətində qərarlar qəbul etməsində əsas yanaşma məhz bu məqamdır. Burada söhbət birbaşa olaraq sərt şəkildə maliyyə bazarlarına likvidliyin azaldılması deyil, müəyyən qədər dövriyyədə olan pul kütləsinin həcminin nəzarət olunan səviyyəyə salınmasından gedir”.

“Bu faktorları nəzərə alsaq, deməzdim ki, qurumların qəbul edəcəyi qərarlar növbəti dövrlərdə maliyyə bazarlarını çökdürəcək. Düşünmürəm ki, FED və ECB hesablamalar aparmadan hər hansı bir qərar qəbul edəcək” – deyə o bildirib.

Həsənovun qənaətincə, FED-in qəbul etdiyi qərarlar mümkündür ki, dolların yenidən möhkəmlənməsini şərtləndirsin: “ABŞ dolları dünya bazarlarında itirilmiş mövqeyini geri qaytaracaqsa, bu, neftin qiymətinə müəyyən mənada mənfi təsir göstərə bilər. Amma bu, uzun müddətli olmayacaq. Qısa müddət ərzində neft yenidən öz əvvəlki real bazar qiymətini bərpa edə bilər”.

Son xəbərlər
Digər xəbərlər