Çin 2019-cu ildən etibarən ölkədə satılan avtomobillərə sərt minimal normalar tətbiq edəcək.
“İnterfax” agentliyinə istinadən, bu barədə məlumatı ölkənin “Sinxua” agentliyi tərəfindən yayılıb.
Agentlik bildirir ki, 2019-cu ildən etibarən Çində illik satışı 30 min ədəddən çox olan şirkətlərin satışlarının ən az 10%-i hibrid motorlu və ya elektromobil olmalıdır. 2020-ci ildən sonra isə bu göstərici 12% təşkil edəcək. Bu qaydalara uymayan şirkətlər cərimə ödəməli olacaq.
Almaniyanın “Deutshe Welle” teleradio şirkəti bildirib ki, Çin hökuməti bu normanı 2025-ci ilə qədər 20%-ə qaldırmağı planlaşdırıb.
Qeyd edək ki, Çin avtomobil bazarı dünyanın ən iri bazarıdır və 2016-cı ildə burada 24,3 mln. ədəd avtomobil satılıb. Həmçinin “McKinsey” beynəlxalq konsaltinq şirkətinin məlumatına görə, Çin avtomobil şirkətləri elektrikli avtomobil istehsalında 43% payla dünya lideridir.