6 C
Baku
Sunday, December 15, 2024

Neft Fondundan 1,4 milyard dollarlıq yatırım özünü doğruldacaqmı?

İlham Şaban: “STAR zavodunu SOCAR-ın Azərbaycan hüdudlarından kənarda reallaşdırılan kommersiya baxımından ən rentabelli layihəsi hesab etmək olar”

Prezident İlham Əliyev oktyabrın 5-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinə dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmanla Dövlət Neft Fondunun (ARDNF) builki büdcəsindən “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi üçün 744 milyon 72 min manat ayrılıb.

Qeyd edək ki, Türkiyədə inşa olunan “Star” zavodunda Azərbaycan dövlətinin iştirak payının ARDNF tərəfindən maliyyələşdirilməsinə 2011-ci ildən başlanıb. Fondun rəsmi məlumatına görə, indiyədək bu məqsədlə 960,2 milyon dollar vəsait ayrılıb. Prezident fərmanı ilə ayrılan məbləği də nəzərə alsaq, ümumilikdə bu layihəyə 1,4 milyard dollara yaxın ARDNF vəsaitinin yönəldildiyi aydın olur.

Neft Fondu ayrılan bu vəsaiti geri qaytara biləcəkmi? Regionun ən uğurlu layihələrindən biri kimi dəyərləndirilən “Star” zavodunun rentabelliyi qoyulan sərmayəyə adekvat ola biləcəkmi?

Suallara cavab verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, layihə kifayət qədər rentabellidir: “STAR neft emalı zavodunu SOCAR-ın Azərbaycan hüdudlarından kənarda reallaşdırılan kommersiya baxımından ən rentabelli layihəsi hesab etmək olar. Əvvəla, o baxımdan ki, gələn ilin II rübündə STAR artıq ilk məhsulunu verməyə başlayacaq. Cəmi 4 ilə ildə 10 mln. ton neft emal edən nəinki Türkiyədə, hətta Balkanlarda və Cənubi Avropada son 10 ilin ən müasir texnologiyası ilə tikilmiş bir emal müəssisəsi olacaq. Onun istehsal etdiyi məhsullar keyfiyyət parametrlərinə görə ən yüksək standartlara cavab verdiyindən məhsullara Türkiyə xaricində belə böyük tələbatın olacağı indidən bəllidir. Bu zavod məhz yerli bazarın və Avropa bazarında hansı məhsullara tələbatın yüksək olması nəzərə alınaraq layihələndirilib. Yəni burada avtomobil benzini istehsal edilməyəcək. Zavodun bütün gücü avrodizel və aviakerosin üzərində köklənib. Bir də Petkim neft-kimya zavodunuun xammal bazası olan nafta. SOCAR-ın açıqlamalarına görə, ilk on ildə şirkətin illik xalis mənfəətinin 800 milyon dollardan artıq olacagı gozlənilir. Bu rəqəm dünya bazarında neft məhsullarının aşağı qiymətləri ilə hesablanıb.”

Vaxtilə ARDNF-dən Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəmərinin tikintisinə vəsait ayrılarkən də insanlarda tərəddüdlərin olduğunu deyən ekspert bildirir ki, Neft Fondunun STAR üçün yatırımı cəmiyyətdə humanitar yardım kimi başa düşülməməlidir: “Həmin vəsaitlər vaxtilə Bakı-Tbilisi-Ceyhan layihəsində SOCAR-ın payının maliyyələşdirilməsində olduğu kimi nəinki geri qaytarılacaq, həm də Fonda əlavə divident gətirəcək. Xatırladım ki, Fond vaxtilə BTC-də SOCAR-ın 289 milyon dollarlıq payını maliyyələşdirdi və bundan təqribən 500 milyon dollar divident götürdü.

Bir məsələni də deyim ki, 2018-ci ildən sonra Fonddan maliyyələşən enerji layihələri faktiki bitir və gəlir gətirmək dövrünə qədəm qoyurlar. Bu layihələr hansılardır: “Şahdəniz”, hansı ki, Fond 2016-cı ilin mayından vəsait qazanmır, ancaq dövlətin payını maliyyələşdirir. TANAP və sonra TAP, həmçinin STAR layihəsi. Bir də Heydər Əliyev adına qazma qurğusunun istismarından əldə edilən gəlir – Fond o layihəyə 1 milyard dollar vəsait yatırmışdı. Fondun öz xərcləmələrini çıxarması, təbii ki, tədricən olacaq. Ancaq neftin azalan gəlirləri fonunda yeni bir gəlir maddəsi çox mühümdür. İkincisi, Fond gəlirlərin idarə edilməsindən artıq 550-600 milyon dollar vəsait əldə edir. Bir neçə ildən sonra bu göstəricini daha çox səhm bazarına yatırımlar hesabına 1 milyard dollardan da çox edə biləcək. Yəni yaxın 5 ildə Neft Fondu neftin 55-60 dollar qiymətləri dəhlizində özünün illik gəlirlərini stabil olaraq 6 milyard dollar səviyyəsində saxlaya bilər.”

Son xəbərlər
Digər xəbərlər