Səudiyyə Ərəbistanı növbəti ay neft ixracını azaltmaq niyyətindədir.
Banker.az saytı Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu haqda məlumatı krallığın Energetika nazirliyi yayıb.
Neft ixracının gözlənilmədən azaldılması qərarı Kral Salman ibn Abdul Aziz al Saudun Rusiya prezidenti Vladimir Putin ilə görüşmək üçün bu yaxınlarda Moskvaya etdiyi səfərindən sonra verilib.
Agentliyin verdiyi məlumatda qeyd edilir ki, dövlət neft monopoliyası Saudi Aramco qlobal neft ehtiyatlarını azaltmaq və tələbatı stimullaşdırmaq üçün növbəti ay neft ixracını sutkalıq 560 min barrel azaldacaq.
Qeyd edək ki, hazırda Ər-Riyad sutkalıq təqribən 7,7 milyon barrel neft ixrac edir. İxracın azaldılması ilə bu həcm 7,15 milyon barrelə enəcək.