10 C
Baku
Thursday, December 12, 2024

Şirkət və banklar Kataloniyanı tərk edir

İspaniyanın bəzi böyük şirkət və bankları Kataloniyanın mübahisəli müstəqillik referendumundan sonra mərkəzi ofislərini muxtar vilayətdən kənara köçürürlər.

Avro bölgəsinin ən böyük 4-cü iqtisadiyyatına sahib olan İspaniyadan kənar düşmə ehtimalına görə şirkətlər investorlarda yaranan narahatlığı aradan qaldırmaq məqsədilə Kataloniyadan köçmək qərarı alırlar.

Avropanın ən böyük daşınmaz əmlak şirkəti olan “Colonial and Abertis” məsələnin müzakirəsi üçün idarə heyətini iclasa çağırıb.

İspaniyanın ən böyük 3-cü bankı “Caixabank” keçən həftə açıqlama ilə çıxış etmiş və ofisin Barselonadan Valensiyaya köçürüləcəyini demişdi. Ölkənin ən böyük 5-ci bankı olan 135 yaşlı “Sabadell” isə Alikante bölgəsinə köçəcəyini açıqlayıb.

Banklar Avropa İttifaqının təyin etdiyi sistemlə çalışdığı və Aİ xaricində fəaliyyət göstərə bilməyəcəkləri üçün Kataloniyanın müstəqilliyinə görə ən çox təsirə məruz qalacaq qurumlardır.

“Gas Natural Fenosa” energetika şirkəti də hüquqi qeyri-müəyyənlik səbəbilə şirkətin, müştərilərin, işçilərin, kreditor və hissədarların maraqlarını qorumaq məqsədilə Madridə köçmək qərarı qəbul edib.

“Oryzon Genomics” biotexnologiya şirkəti də fəaliyyətini normal davam etdirmək və investorlarla əlaqələri yaxşılaşdırmaq üçün Madridə köçmək barədə qərar qəbul etdiklərini açıqlayıb.

Köçmək barədə qərar qəbul edən digər şirkət “Dogi Insternational Fabrics” isə parça və toxuculuq işi ilə məşğul olur.

Qeyd edək ki, İspaniyanın iqtisadiyyat nəhəngi olan Kataloniyada “Volkswagen”, “Cisco”, “Nissan” kimi nəhəng şirkətlərin də daxil olduğu 7100 xarici şirkət fəaliyyət göstərir.

MənbəQaynarinfo
Son xəbərlər
Digər xəbərlər