Azərbaycan əhalisinin sayında sentyabr ayı ərzində artım qeydə alınıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin 2017-ci il sentyabr ayına açıqladığı hesabata istinadən xəbər verir.
Məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 57 269 nəfər və ya 0,6 faiz artaraq qeyd olunan müddətdə 9 867 250 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olmuşdur.
Hesabatda qeyd olunur ki, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil etmişdir. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1712-si əkiz, 33-ü üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.
Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür.
Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 39004 ölüm halı qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,0 təşkil edib.
2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.
Cari ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2080 nəfər Azərbaycana gələn, 1202 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 878 nəfər təşkil edilib.