Ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında qarışıqlıq yaranıb.
Bəzi kreditorlar israrla Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayevlə, eləcə də onun özünə müavin təyin etdiyi Orxan Xubanovla (“Bank Standard”ın İdarə Heyəti sədrinin keçmiş müavini) görüş tələb ediblər.
Bundan sonra, Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov V.Abdullayevlə telefonla əlaqə saxlayıb və ona kreditorların tələbini çatdırıb. Ə.Həsənovun sözlərinə görə, ADIF-in rəhbəri ona hazırda vacib işlə əlaqədar dövlət orqanlarından birində olduğunu və yaxın günlərdə kreditorlar görüşəcəyinə söz verdiyini bildirib: “V.Abdullayev dedi ki, mən özüm əvvəlcədən vaxt təyin edəcəyəm və onlarla görüşəcəyəm”.
Bugünkü iclasda O.Xubanovla da görüş baş tutmayıb. ADIF-in prosesdə iştirak edən əməkdaşları onun Fondun rəhbərliyi ilə birlikdə olduğunu və iclasa gələ bilməyəcəyni deyiblər.