Azərbaycan indiyə qədər xarici investorlarla böyük mübahisəli məsələlərlə qarşılaşmayıb və böyük həcmli cərimələr ödəməyib. Banker.az-a Nazirlikdən daxil olıan xəbərə görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
“Azərbaycanın imzaladığı 48 investisiya sazişi sayəsində ölkə iqtisadiyyatına $110 mln.-dan çox investisiya qoyulub. Amma indiyə qədər ölkə müqavilələr üzrə böyük mübahisəli məsələlərlə qarşılaşmayıb və böyük həcmli cərimələr ödəməyib. Bu, onun göstəricisidir ki, Azərbaycan etibarlı tərəfdaşdır və ölkədə investisiya mühiti zamanın tələblərinə cavab verir”, – deyə S.Babayev bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bəzi ölkələr düzgün hazırlanmamış müqavilələrə və yol verilmiş nöqsanlara görə böyük problemlərlə üzləşir. “Ölkəyə yeni investisiyaların cəlb edilməsi, mübahisəli məsələlərin yaranması üzrə yeni tendensiyaların müəyyən edilməsi məqsədilə zamanın tələblərinə uyğun olmaq qanunvericiliyi daim təkmilləşdirmək lazımdır”, – deyə nazir müavini qeyd edib.
Bu gün Bakıda “Beynəlxalq investisiya siyasəti: irəliyə doğru” adlı konfrans öz işinə başlayıb. Tədbirdə 11 xarici ölkənin dövlət qurumlarının, beynəlxalq təşkilatların, o cümlədən UNCTAD, Avropa Komissiyası, Beynəlxalq Əmək Təşkilatı və Enerji Xartiyası Katibliyinin təmsilçiləri iştirak edir.
İkigünlük konfransın gedişində xarici investisiyalar siyasəti, mübahisəli məsələlərin həlli və ən uğurlu investisiya layihələri ilə bağlı təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunacaq.