İngiltərə Mərkəzi Bankı (BoE) bugünkü iclasında uçot dərəcəsini gözlənildiyi kimi 0,25%-dən 0,5%-ə yüksəldib. BoE uçot dərəcəsini 10 illik fasilədən sonra ilk dəfə artırıb.
BoE monetar stimullaşdırma proqramının həcmini isə dəyişməyərək 435 mlrd. funt sterlinq (570 mlrd. dollar) həcmində saxlayıb.
Qərardan sonra funt sterlinq qlobal bazarda ucuzlaşmağa başlayıb, dollara qarşı məzənnəsi isə 1,33 USD/GBP səviyyəsindən 1,31 USD/GBP-yə düşüb.
“Report”un analitik qrupu bildirir ki, funt sterlinqin ucuzlaşmasına səbəb maliyyə bazarları tərəfindən uçot dərəcəsinin artırılmasını öncədən proqnozlaşdırması və funtun məzənnəsinin son aylarda kəskin yüksəlməsi amilləri göstərilir. Başqa sözlə, investorlar futn sterlinqdə mənfəətlərini reallaşdırıblar.