““Diplomatik fəaliyyət haqqında” qanuna ediləcək yeni dəyişikliklər nəticəsində Xarici İşlər Nazirliyininin maliyyəsi təkmilləşdiriləcək”.
Bunu 2018-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Deputat bildirib ki, hazırda XİN-də “Diplomatik fəaliyyət haqqında” qanuna dəyişiklik üzərində iş gedir.
“Bu dəyişikliklərə əsasən, diplomatik fəaliyyətin və diplomatların maliyyələşməsinin təkmilləşdirilməsi nəzərdə tutulur. Qanuna ediləcək dəyişikliklər Milli Məclisdə müzakirə olunub, qəbul edildikdən sonra həm XİN-də, həm də diplomatik korpuslarda çalışan diplomatların maaşında dürüstləşmə həyata keçiriləcək”.
S.Seyidov əlavə edib ki, diplomatların maaşının dürüstləşməsi üçün ilkin olaraq Maliyyə Naziriliyindən vəsait ayrılması nəzərdə tutulur.
“Bununla bağlı məsələnin büdcədə indidən əksini tapması yaxşı olardı”. Komitə sədri onu da əlavə edib ki, son dövrlərdə beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərənlərin sayı artmaqdadır: “Ona görə də xarici ezamiyyə məsələsinə yenidən baxılaraq, onun həcminin artırılmasını təklif edirəm”.