Azərbaycanda nağdsız ödənişlərin artırılması üçün əlavə tədbirlər görüləcək.
Bu barədə Vergilər Nazirliyinin Əlaqələndirmə və idarəetmə Departamentinin baş direktorunun müavini Ömər Cəfərov məlumat verib.
“İnkişaf etmiş ölkələrdə plastik kartlarla həyata keçirilən ödənişlərin payı 50-60% arasında, bəzi ölkələrdə 80%-dən çox olsa da, Azərbaycanda bu rəqəm 10-11% həddindədir. “Nağdsız ödənişlər haqqında” Qanuna uyğun olaraq, bu prosesdə iştirak edən bütün tərəflər, o cümlədən banklar tərəfindən sağlam rəqabətlilik şəraitində müştərilərə daha əlverişli və rahat ödəniş üsullarının təqdim olunması davam etdiriləcək. Yaxın gələcəkdə ölkəmizdə “NFC” (Near Field Communication), “Apple Pay” və «Samsung Pay» kimi ödəniş platformalarının yaradılması üzrə müzakirələr aparılacağı gözlənilir. Nağdsız ödəniş və elektron xidmətlər sahəsində çoxsaylı tədbirlər həyata keçirən Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi və digər dövlət qurumlarının fəaliyyəti bir daha təsdiqləyir ki, qarşıya qoyulmuş strateji vəzifələrin öhdəsindən uğurla gəlinəcək”, – deyə o, qeyd edib.