Bu il yanvarın 1-dən noyabrın 10-dək Bakı şəhəri üzrə inzibati tənbeh tədbirləri çərçivəsində 590 mindən artıq inzibati protokol tərtib olunub. Onlardan 84 mini piyada protokoludur.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
“Bu dövrdə foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aparılan təhlillər sübut edir ki, paytaxt üzrə hadisələrin ümumi çəkisində piyadalar ehtiyatsızlıq, yaxud səhlənkarlıqdan yol qəza hadisəsinin baş verməsinə səbəb olurlar. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, yol keçidlərində, yol ayırıclarında hərəkətin təhlükəsizliyinin həssas olduğu ərazilərdə piyada keçidlərindən istifadə etməyən ehtiyatsız piyadalar yol qəza hadisələrin iştirakçısına çevrilirlər. Xüsusilə diqqət çəkən bir məqam var ki, baş verən qəzalarda hadisələr əsasən yerüstü və yeraltı piyada keçidlərin yaxınlığında baş verir. Eləcə də hadisələr üzrə bir sıra faktlar da göstərir ki, piyadalar işıqforun tələblərinə əməl etmir, yolda hərəkət hüququ olan avtomobilin qarşısına çıxır”.
Qeyd edək ki, 84 min piyadaya qarşı 1 680 000 manat cərimə yazılıb.