UEFA Azərbaycan klublarına maliyyə yardımı edib. Qitə futbol qurumu Premyer Liqada çıxış edən 6 komandaya pul göndərib.
2016/17 mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində həmin mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klublara köçürülüb. Bu barədə Apasport.az saytı məlumat yayır.
Belə ki, 6 komandanın – “Zirə”, “Keşlə”, “Sumqayıt”, AZAL, “Neftçi” və “Kəpəz”in hər birinə 71 min 53 avro ödənilib.
Qeyd: “Kəpəz” və “Keşlə” (sabiq “İnter”) üçün nəzərdə tutulmuş vəsait klubların aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesablarına köçürüləcək.