“İndiyə qədər güzəştli mənzil almaq üçün müraciət etmiş 7 mindən çox insanın elektron kabineti yaradılıb. Bu da onların güzəştli mənzil almaq hüququnun təsdiq edildiyini göstərir”.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətinin rəhbəri Diana Dadaşova deyib.
O həmçinin qeyd edib ki, MİDA-nın inşa etdiyi Yasamal Yaşayış Kompleksində insanların rahat yaşaması üçün bütün infrastruktur olacaq.
Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə rəisi Mais Ağayev isə bildirib ki, təmsil etdiyi qurum MİDA ilə birgə layihə hazılayıb: “Beynəlxalq standartlara uyğun hazırlanmış layihəyə əsasən, şəhərcik daxilində salınacaq yollar funksional zonalara bölünəcək ki, onların çoxu Bakı şəhəri üçün yenilik hesab olunur. Kompleks ərazisində 1,5 metr enində velosiped yolu salınacaq. Burada həmçinin velosiped dayanacaqları da salınacaq. Yolun uzunluğu isə 5 200 metr olacaq”.
BNA təmsilçisi əlavə edib ki, Yasamal Yaşayış Kompleksi ərazisində 4 avtobus marşrut xəttinin fəaliyyət göstərməsi nəzərdə tutulur: “Onların hamısı mövcud marşrut xətləridir. Sadəcə, ikisinin son dayancağı dəyişdirilib”.
M.Ağayevin sözlərinə görə, həmin marşrutların hərəkət etdiyi istiqamətlərdə bəzi infrastruktur dəyişiklikləri olarsa, avtobuslar daha iritutumlu avtobuslarla əvəz olunacaq.