Azərbaycan bank sektorunun əsas fəaliyyət növlərindən mənfəətliliyinin effektivliyini əks etdirən xalis faiz marjası ötən illə müqayisədə 0,75 faiz bəndi azalaraq 2017-ci ilin yanvar-oktyabr aylarında 6,42% təşkil edib.
Ötən ilin analoji dövründə bank sektorunun xalis faiz marjası 7,17% olub. Banker.az xəbər verir ki, bu barədə yerli analitika qrupu Report qeyd edir.
Analitika qrupu qeyd edir ki, xalis faiz marjasının daralmasına səbəb maliyyə böhranından sonra bank sektorunun kredit portfelini azaltması və əvəzində, Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini artırması nəticəsində depozit faiz dərəcələrinin artması amilləri olub. Bununla yanaşı, bank sektoru maliyyə böhranına hazır olmadığı üçün yüksək faizlər təklif edərək problemli kreditlərlə bağlı yaranan maliyyə kəsirini aradan qaldırmağa çalışıb.
“İqtisadiyyatın yavaşlaması fonunda biznesin yüksək faizlərlə kreditləşməsi artıq mümkün olmayacaq. Belə ki, biznes strukturlarının da rentabelliyi azalmağa davam edir. Bu da o deməkdir ki, bank sektoru faizləri aşağı salmalıdır. Lakin digər tərəfdən, AMB uçot dərəcəsini yüksək səviyyədə saxlamağa davam edir. Buna səbəb devalvasiya ilə yanaşı inflyasiyanın yüksək olmasıdır. Bu vəziyyət ona gətirib çıxaracaq ki, nəticədə bank sektorunun getdikcə daha da daralmasının şahidi olacağıq”, – deyə analitiklər qeyd ediblər.
Qeyd edək ki, 2017-ci ilin üç rübünün yekununda bank sektorunun məcmu kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 4 347,9 mln. manat və ya 25,9% azalaraq 12 437,2 mln. manata geriləyib.