6 C
Baku
Sunday, December 15, 2024

Nüfuzlu bank və agentliklər neftlə bağlı proqnozu – Manata sərf edir

Noyabrda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft istehsalı son 6 ayın minimumuna enib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilir ki, OPEC-in gündəlik neft hasilatı noyabr ayında 300 min barrel azalaraq may ayından indiyədək ən aşağı səviyyəyə düşüb. Noyabr ayında OPEC gündəlik orta hesabla 32,48 milyon barrel neft istehsal edib.

OPEC-ə üzv ölkələrin neft hasilatının azaldılması üzrə sazişə əməletmə səviyyəsi oktyabrdakı 92 faizə nisbətdə noyabrda 112 faizə yüksəlib.

Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2018-ci il üçün neft qiymətinə dair proqnozunu artırıb. “Goldman Sachs” gələn il üçün “Brent” markalı xam neftin bir barrelinin qiymətinə dair proqnozunu 58 dollardan 62 dollara artırıb. Bank “Layt” markalı xam neftin 2018-ci il üçün qiymətinə dair proqnozunu isə 55 dollar/barreldən 57,50 dollar/barrelə yüksəldib.

“Goldman Sachs” bu addımını qlobal ehtiyatların azalması, Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatının azaldılmasına dair sazişə sadiqliyi ilə əlaqələndirir.

“Risklər davam edir və bu risklərin 2018-ci ildə artmasını gözləyirik. Çünki tələbat bizim optimist proqnozlarımızdan yuxarıdır”, – deyə bank bildirir.

Moody’s proqnozu

Lakin, “Moody’s” beynəlxalq reytinq agentliyi neftin qiymətinə dair proqnozunu dəyişməyib. Agentlik yuxarıda adçıçəkilən bankdan bir qədər fərqli düşünir.

“Moody’s” OPEC və qeyri-OPEC müttəfiqlərinin neft hasilatının azaldılmasına dair sazişin müddətini 2018-ci ilin sonuna qədər artırmalarına baxmayaraq neftin orta müddətli qiymətinə dair proqnozunda dəyişiklik etməyib. Bank OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatının azaldılması üzrə sazişin müddətini gələn ilin sonunadək uzaltmalarına baxmayaraq neftin orta müddətli qiymətinə dair proqnozunu – təxminən 40-60 dollar/barrel səviyyəsində saxlayıb.

“Moody’s”ə görə, son dövrdə neftin bahalaşan qiyməti qlobal iqtisadi artım proqnozları, neft istehsalının azaldılması və artan geosiyasi risklərdən bəhrələnir. Lakin “qara qızıl”ın qiymətinin yüksəlməsi fonunda istehlakın aşağı olması ehtimalı da daxil olmaqla risklər hələ də davam edir.

Məlumat üçün bildirək ki, Deputat Vahid Əhmədov müsahibəsi zamanı bildirib ki, neftin qiyməti 60 dollar civarında qalarsa Azərbaycan manatının möhkəmlənməsinə səbəb olacaqdır.

Xatırladaq ki, Azərtacın məlumatına görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 64,66 dollar təşkil edir. Brent isə hazırda 62-63 dollar aralığındadır.

Son xəbərlər
Digər xəbərlər