Bu gün Milli Məclisin plenar iclasında yenidən hazırlanan “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, yeni qanun layihəsində maddələrin sayı artıb.
6 fəsil 41 maddədən ibarət olan layihədə Hesablama Palatasının statusu, fəaliyyətinin hüquqi əsasları, idarəetmə və təşkilati strukturu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyir. Z.Səmədzadə bildirib ki, qanun layihəsində maliyyə, uyğunluq və səmərəlilik auditi öz əksini tapıb.
Sənəddə Hesablama Palatasının səlahiyyətlərinin artırılması təklif edilir. Qanun layihəsində Hesablama Palatası dövlət vəsaitlərinin xəzinə hesabına və kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil ola biləcək: “Bu da dövlət vəsaitlərindən daha səmərəli istifadənin təmin olunmasına imkan verəcək”.
Z.Səmədzadə qeyd edib ki, yeni qanun kənar dövlət maliyyə nəzarəti orqanı olaraq Palatanın sərhədlərinin konkret müəyyənləşdirilməsi ilə dövlət vəsaitləri üzərində nəzarəti konkretləşdirir. Onun sözlərinə görə, Palatanın büdcə prosesində iştirakında konkret mərhələlər müəyyən olunub.
Qanunda bildirilir ki, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə bu qanuna və “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq rəy verilməsi üçün Milli Məclisdən Hesablama Palatasına daxil olduqdan sonra Hesablama Palatası 30 gün müddətində rəy verir və Milli Məclisə təqdim edir.
Bundan başqa, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi rəy verilməsi üçün Milli Məclisə daxil olduğu gündən 15 gün müddətində Hesablama Palatası onlara rəy verir və öz rəyini Milli Məclisə təqdim edir.
Millət vəkili Qüdrət Həsənquliyev Hesablama Palatasının bələdiyyələrə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit yoxlaması aparmasına ehtiyacın olmadığını vurğulayıb: “Elə bələdiyyələr var ki, bəlkə də 200 manat vəsait almayıb. Dövlət büdcəsindən az vəsait alan bələdiyyələrin yoxlanılmasına nə ehtiyac var? 10 milyonlarla manat dövlət zəmanəti ilə kredit götürmüş səhmdar cəmiyyətlər, dövlət büdcəsindən 100 milyonlarla vəsait alan qurumlar maliyyə yoxlamasından kənarda qalır. Bələdiyyələrin əvəzinə bu qurumların vəsaitlərdən istifadəsinə nəzarət edilməlidir?”
Spiker Oqtay Əsədov buna cavab olaraq bildirib ki, Hesablama Palatası seçim yolu ilə bələdiyyələrin fəaliyyətini yoxlayır və yoxlamalıdır.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, qanunun 3 və 5-ci maddəsində qurumun statusu aydın göstərilib: “Hesablama Palatası son 10 ildə Azərbaycanda heç bir bələdiyyəni yoxlamayıb. Digər millət vəkillərinin təkliflərini nəzərdən keçirməyə çalışacağıq”.
Layihə I oxunuşda səsə qoyularaq qəbul edilib.