9 C
Baku
Thursday, December 12, 2024

Əmək müqaviləsi 15 yaşlılarlada bağlanıla bilər, nazir deyir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə əldə olunan mühüm makroiqtisadi nailiyyətləri diqqətə çatdırıb, eyni zamanda əmək bazarında da inkişaf meyllərinin olduğunu vurğulayıb: “Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin getdikcə artmasına şərait yaradıb. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması bunu bir daha təsdiq edir. Eyni zamanda, Beynəlxalq Valyuta Fondunun işçi heyətinin 2018-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq üçün ölkəmizə səfərinin yekunlarına dair həmin işçi heyətin rəhbəri Məhəmməd əl-Korşinin mətbuata bəyanatında da bildirilir ki, Azərbaycanda sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edilib və bunlara yeni işsizliyin sığortası fondunun yaradılması, pensiya islahatının həyata keçirilməsi və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçid daxildir”.

Əmək müqaviləsi 15 yaşlılarlada bağlanıla bilər

Nazir ötən dövrdə əmək bazarında özünü göstərən proseslərdən bəhs edərək, bu kontekstdə məşğulluq sahəsində ortaya çıxan çağırışların, o cümlədən əmək qabiliyyətli əhalinin əmək bazarının tələblərinə uyğunlaşdırılması çağırışının aktuallıq kəsb etdiyini bildirib: “Azərbaycanın əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər.

S.Müslümov qeyd edib ki, əmək bazarı işçi qüvvəsinə olan tələb və təklifi müəyyən edən amillərin təsiri altında formalaşır: “İşçi qüvvəsinin təklifi üzrə amillərə demoqrafik vəziyyət, əhalinin gender-yaş strukturu, əmək qabiliyyəti, məşğul, işsiz əhalinin dinamikası, əmək miqrasiyası, təhsil səviyyəsi və s. aiddir. İşçi qüvvəsinə tələbin müəyyənləşdirilməsinə təsir edən amillərə isə iqtisadi artım dinamikası, fiskal vəziyyət, monetar siyasət, investisiya siyasəti tədbirləri və s. daxildir”.selim muslimov salim

İşçi qüvvəsinə təklifi müəyyənləşdirən amillərdən bəhs edən nazir Azərbaycanın demoqrafik baxımdan sabit inkişaf edən ölkə olduğunu vurğulayıb: “2006-2016-cı illər ərzində Azərbaycanda əhalinin orta illik artım tempi 1,3 faizə yaxın olub. Bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdən hesab edilir. Həmin dövrdə ölkəmizdə əhalinin sayı 14,7 faiz artaraq 2017-ci ilin 1 yanvar tarixinə 9,8 milyon nəfər təşkil edib. Əhalinin 50,1 faizini qadınlar təşkil edir”.

Yaş strukturu baxımından Azərbaycan əhalisinin cavan olduğunu və orta yaşın 32,3 yaş təşkil etdiyini bildirən S.Müslümov qeyd edib ki, bu göstərici qadınlar üzrə kişilərə nisbətən yuxarıdır: “1 yanvar 2017-ci il tarixə əhalinin yaş strukturunda 0 – 14 yaş qrupunun payı 22,6 faiz, 14-29 yaş qrupunun payı 25,0 faiz, 30-64 yaş qrupunun payı 46,1 faiz, 65 və yuxarı yaş qrupunun payı isə 6,3 faiz olub. Gənclərin əhalinin strukturundakı yüksək payı əmək qabiliyyətli yaşda olan əhalinin, yəni 15 yaşdan pensiya yaşına qədər xüsusi çəkisinin artmasını şərtləndirib. Bu göstərici 2000-ci ildəki 59,5 faizdən 2017-ci ilin əvvəlinə 68,4 faizə yüksəlib. Əmək qabiliyyətli yaşda əhalinin artması işçi qüvvəsinin təklifini artırmaqla yeni iş yerlərinə olan ehtiyacı gücləndirir”.

Hansı sektor böyüyüb?

Nazir diqqətə çatdırıb ki, 2005-2016-cı illər ərzində məşğul əhalinin sayı 17,2% artıb. Onun sözlərinə görə, bu göstərici tikinti, turistlərin yerləşdirilməsi, ictimai iaşə, informasiya və rabitə, maliyyə və sığorta fəaliyyəti sahələrində daha sürətlə artıb, mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində isə nisbətən azalma ilə müşahidə edilib: “Məşğul əhalinin gender bölgüsündə səhiyyə və təhsil sahəsində qadınların üstünlüyü – müvafiq olaraq 75,1 faiz və 71,4 faiz, tikinti və mədənçıxarma sənayesində isə kişilərin üstünlüyü – müvafiq olaraq 88,8 faiz və 83,5 faiz özünü göstərir. Ölkədə işsizlik səviyyəsi davamlı şəkildə azalaraq 2016-cı ildə 5 faiz təşkil edib”.

S.Müslümov işsizlər arasında qadın və gənclərin payının yüksək olmasının əmək bazarında əsas problemlərdən olduğunu bildirib. Nazir qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı ölkəmizə yönələn xarici işçi qüvvəsinin ildən-ilə artması ilə müşahidə edilir: “Dövlət miqrasiya siyasətinin əsas vəzifələrindən biri də daxili əmək bazarının ixtisassız xarici işçi qüvvəsindən qorunması, yerli işçi qüvvəsinin potensialından maksimum istifadə edilməsidir. Bu məqsədlə ölkədə 2010-cu ildən etibarən əmək miqrasiyası kvotası tətbiq olunur”.

S.Müslümov əmək ehtiyatlarının keyfiyyətini müəyyən edən əsas məsələlərdən birinin də təhsil və ixtisaslaşma səviyyəsi ilə bağlı olduğunu diqqətə çatdırıb: “Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydə alınmış muzdlu işçilərin 37,5 faizi, o cümlədən kişi işçilərin 36,5 faizi, qadın işçilərin isə 38,6 faizi ali təhsillidir. Muzdla işləyənlərin 37,5 faizi ümumi orta təhsilli, 22,3 faizi orta ixtisas təhsilli, 2,7 faizi ilk peşə-ixtisas təhsilli olanlardır. Ölkə iqtisadiyyatında müasir meyllər peşə təhsili qarşısında yeni tələblər irəli sürür və əmək bazarında rəqabətə davamlı ixtisaslı kadrlara yaranan tələbi ödəmək vəzifəsini ön plana çəkir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” də ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədini daşıyır”.

S.Müslümov bildirib ki, 2016-cı ildə Azərbaycanda adambaşına düşən ÜDM 3926 ABŞ dolları təşkil edib və Azərbaycan dünyada yüksək orta gəlirli ölkə qrupunda qərarlaşıb. Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatının, emal sənayesinin və turizm sahəsinin ÜDM-dəki xüsusi çəkisi artıb. Ötən illərdə Azərbaycanda məşğulluq siyasətinin modelini keçid dövrünün xüsusiyyətləri və demoqrafik vəziyyət müəyyən edib. Bunun da başlıca məqsədi işçi qüvvəsinin yüksək təklifi səviyyəsinin operativ qarşılanması olub. Bu əsasda 2003-2017-ci illərdə ölkədə 74 faizi və ya 1,4 milyonu daimi olan 1,9 milyon yeni iş yeri açılıb: “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəf indikatorlarına uyğun olaraq, 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”.

Nazir qeyd edib ki, orta təhsil müddətinin başa çatması və bundan sonra müəyyən vaxt lazım olması amilləri nəzərə alınmaqla əmək bazarına faktiki daxil olma yaşını 18 yaş həddində götürmək hesabı ilə şərti müqayisə apardıqda, 2017-2025-ci illərdə 18 yaşda olanların, yəni müvafiq olaraq 1999-2007-ci illərdə anadan olanların ümumi sayı, 1 127,2 min nəfər, orta hesabla illik sayı isə 125,2 min nəfər təşkil edir: “Hər il əmək bazarına ilk dəfə işaxtaran kimi daxil olan gənc yaşda əhalinin sayının çox olması (orta hesabla il ərzində 100 min nəfər) və bacarıqlarının əmək bazarının tələblərinə cavab verməməsi qarşıdakı illərdə gənclərin məşğulluğunun təmin edilməsi sahəsində tədbirlərin daha da gücləndirilməsini şərtləndirir. Ümumilikdə yaranacaq izafi işçi qüvvəsinin məşğulluğunun təmin edilməsi əsas vəzifələrdən biri kimi qarşıda dayanır”.

S.Müslümov bu baxımdan qarşıdakı illərdə ayrı-ayrı inkişaf mərhələləri üçün müəyyən edilmiş hədəf strategiyalara uyğun olaraq adekvat məşğulluq modelinin tətbiqinin xüsusi önəm kəsb etdiyini bildirib.

Nazir dünya təcrübəsində mövcud olan 4 əsas məşğulluq siyasəti modeli – əmək məhsuldarlığının artması şəraitində məşğul əhalinin sayının azalması ilə səciyyəvi olan Avropa modeli, əmək haqqının orta məbləğinə uyğun dövlət sektorunda iş yerlərinin açılması yolu ilə məşğulluğun təmin edilməsini nəzərdə tutan Skandinaviya (İsveç) modeli, iqtisadi fəal əhalinin əhəmiyyətli hissəsi üçün elə də yüksək olmayan məhsuldarlıqlı və ödənişli iş yerlərinin yaradılmasını hədəfləyən Amerika modeli və ömürlük muzdlu iş sistemi və əmək haqqı səviyyəsinin iş stajı, yaş, ailə tərkibindən asılılığı ilə səciyyəvi olan Yapon modeli barədə məlumat verib.

S.Müslümov diqqətə çatdırıb ki, sistemli təhlil apardıqda Azərbaycanda başlıca olaraq Amerika modelinin İsveç modeli ilə kombinə edilmiş variantının tətbiq edildiyi aydın olur: “İqtisadiyyatın şaxələndirilməsi prosesinin davam edəcəyi, əsas çağırışlardan birinin əməkqabiliyyətli əhalinin yüksək əmək məhsuldarlıqlı iş yerləri ilə təmin edilməsini şərtləndirdiyi, 1,7 mln. nəfərin, yaxud məşğul əhalinin 36,3 faizinin fəaliyyət göstərdiyi kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi ilə həmin məşğul əhalinin sayınına azalmasının baş verəcəyi və s. amillər nəzərə alınmaqla, növbəti 10 illik inkişaf mərhələsində də Azərbaycanda mövcud məşğulluq modelinin davam etdirilməsi məqsədəuyğun olar. Bu, əsasən urbanizasiya prosesləri ilə yanaşı, kənd təsərrüfatında çalışanların digər sektorlara keçidinin qarşısının alınmasında da vacib rol oynayar. Həmçinin kadr hazırlığı sisteminin inkişafı istiqamətində kompleks tədbirlər reallaşdırılmalı, peşə standartları modelinin tətbiqi işlərinin, məşğulluq orqanlarının peşə hazırlığı sisteminin regional şəbəkəsinin daha da genişləndirilməsi təmin olunmalıdır”.

Konfransda H.Rəcəbli əmək bazarında baş verən dəyişikliklərlə əlaqədar yeni çağırışların bu sahədə aparılan siyasətin daim təkmilləşdirilməsini və peşə təhsili ilə əlaqəli həyata keçirilməsini tələb etdiyini, hazırkı konfransın bununla bağlı məsələlərin müzakirəsi baxımından önəmli olduğunu qeyd edib. Komitə sədri özünüməşğulluq proqramının əhəmiyyətindən bəhs edərək, bu proqramın aztəminatlı ailələrin məşğulluq potensialının reallaşdırılması yolu ilə onların yoxsulluqdan kiçik ailə biznesinə çıxışına imkan yaratdığını bildirib.

V.Qasımlı milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin eyni zamanda əmək bazarında inkişaf meyllərini stimullaşdırmağa yönəldiyini bildirib, iqtisadiyyatın innovativ inkişafının əmək bazarında peşə-ixtisas bacarıqları üzrə işçi qüvvəsinə tələbin də bu istiqamətdə dəyişməsini şərtləndirdiyini diqqətə çatdırıb. O, məşğulluqda əmək tutumlu modelin önəmini də qeyd edib.

Konfrans “Əmək bazarı və iqtisadi inkişaf çağırışları” və U.Ələkbərovun moderatorluğu ilə “İnsan kapitalı: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzularında panel iclasları ilə davam edib. İclaslarda “İqtisadiyyatda struktur islahatları və məşğulluq” və “Özünüməşğulluq: sosial reabilitasiya islahatları”, “Əmək bazarı institutları və sahibkarlıq”, “Miqrasiya trendləri və onların əmək bazarına təsirləri”, “İnsan kapitalının innovativ inkişafda rolu”, “Ali təhsil islahatlarının insan kapitalının inkişafında rolu”, “Əmək bazarı və peşə təhsili əlaqələri: İslahatlar və perspektivlər”, “Strateji yol xəritələri: İnsan kapitalının inkişafı” mövzularında təqdimatlar olacaq və müzakirələr aparılacaq.

Son xəbərlər
Digər xəbərlər