11 C
Baku
Monday, November 25, 2024

Sahibkarlarlığın inkişafında alternativ maliyyə infrastrukturu və Biznes inkubatorların rolu

Əgər diqqət etsək ölkədə Kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin istehsaldan çox ticarət və xidmət sektorunda cəmləşdiyini görərik. Bunun bir çox obyektiv və subyektiv səbəbləri mövcuddur.

Ticarət sektorunu götürsək, bu sektora daha çox vəsait tələb olunmasına baxmayaraq, qoyulan kapitalın 80-90 faizi demək olar ki, dövriyyədə iştirak edir, dövriyyə sürətindən (rotasiya) və ticari marjadan (qiymətqoyma) asılı olaraq daha tez mənfəət əldə etmə xüsusiyyətinə malikdir. Xidmət sektoru da əmək tutumlu olmasına baxmayaraq, az həcmli vəsait qoyuluşu ilə mənfəətə daha tez nail olmaq mümkündür. Kredit bazarında təklif olunan kredit məhsulları yüksək faizli və qısa müddətli olduğundan bu vəsaitlərin yalnız ticarət və xidmət sektoruna yatırılması məqsədəuyğundur. Məhz elə bu səbəbdən sahibkarlıq subyektləri daha tez mənfəət götürmək məqsədi ilə ticarət və xidmət sektorunda cəmləşiblər.

Ölkədə kiçik və orta sahibkarlığı inkişaf etdirmək, işsizlik probleminin həlli, xüsusən istehsal təyinatlı KOS-ların artırılması, istehsal mədəniyyətinin yaradılması və yaranan istehsal rəqabətində ixracyönümlü istehsalın dəstəklənməsi məqsədi ilə səmərəli maliyyə infrastrukturuna ehtiyac vardır. Yerli Kommersiya bankları öz vəsaitləri hesabına təklif etdiyi kreditləri resurs etibarı ilə ya beynəlxalq fondlardan yuxarı faizlərlə cəlb edir, yada əhalidən yüksək faizli depozitlər hesabına toplayır ki, bu vəsaitlərlə aşağı faizli və uzunmüddətli maliyyələşdirmə mümkünsüzdür.  

İstehsal təyinatlı biznes subyektlərinin maliyyələşdirilməsi zamanı vəsaitin böyük hissəsi əsas vəsaitlərin tikintisinə və alınmasına sərf olunur ki, bu da müəssisələrdə ciddi likvidlik riski yaradır. Maliyyələşdirilən istehsal müəssisələri fəaliyyətinin ilk illərində ciddi texnoloji, kadr və satış problemləri ilə üzləşirlər ki, bu da həmin müəssisələrdə mənfəətliyin aşağı olması ilə nəticələnir. Maliyyə menecmenti düzgün təşkil olunmayan müəssisələr optimal olmayan kreditlər cəlb edərək ondan düzgün yararlana bilmirlər. Cəlb olunan kreditlər əsas vəsaitə yatırılır, likvidlik pozulur, borcların geri qaytarılmasında ciddi problemlər yaranır.

Hal hazırda ölkədə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün ən optimal kredit şərtləri İqtisadiyyat nazirliyi yanında Sahibkarlığa kömək milli fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən təklif olunur ki, bu vəsaitlər müvəkkil Banklar və Kredit təşkilatları vasitəsi ilə maliyyələşdirilir. Lakin KOS subyektlərinin geniş inkişaf etdirilməsi və istehsal mədəniyyətinin formalaşdırılması üçün sadəcə maliyyələşdirmə kifayət etmir.

İstehsal təyinatlı KOS-ların maliyyələşdirmə ilə yanaşı istehsal texnologiyaları, maliyyə menecmenti və marketinq fəaliyyəti üzrə ciddi kadr problemləri mövcuddur.

Ölkədə istehsal mədəniyyətinin yaradılması üçün sahibkarlığın inkişafına birbaşa kompleks xidmət Mərkəzinin – Biznes İnkubatorun yaradılmasına ehtiyac vardır ki, bu Mərkəz aşğıdakı xidmətləri həyata keçirməlidir:

  • Yerli bazarda istehlak mallarına olan ehtiyac müəyyən olunmalı;
  • Xammalı ölkə bazarında olan istehlak mallarının istehsal texnologiyası öyrənilməli;
  • İstehsal məqsədli müasir texnoloji avadanlıqların xüsusiyyətləri öyrənilməli;
  • Bazar tələbinə, texnoloji avadanlıqların istehsal həcminə, maliyyə tutumuna və işçi tələbinə uyğun kiçik sexlər üçün kompleks biznes planların hazırlanmalı;
  • KOS subyektlərinə maliyyə və sığorta xidmətini həyata keçirən kredit təşkilatları, kredit zəmanət fondu və sığorta təşkilatları ilə məlumat mübadiləsini təmin etməli;
  • İstehsal müəssisələrinin maliyyələşdirilməsi məqsədi ilə uzun müddətli və aşağı faizli  resursa malik istehsal üzrə ixtisaslaşmış, təyinata nəzarət mexanizmli investisiya fondlarının təsis edilməsi istiqamətində işlər görməli;
  • İstehsal və istehlak bazarında başverən yenilikləri izləməli, analiz edərək KOS subyektlərini maarifləndirəcək təlimlər təşkil etməli;
  • Yerli və xarici bazarlarda daim marketinq araşırmaları aparmalı, ixracqabiliyyətli məhsul istehsalı və bazar payının əldə edilməsi istiqamətində KOS-lara praktiki və metodiki dəstək göstərməli;
  • Müasir tələblərə cavab verən kadr ehtiyaclarını planlamalı, yerli peşə hazırlığı və ali təhsil müəssisələri ilə əlaqəli işləməli və tələblərə cavab verən təcrübənin tətbiqini təmin etməli;
  • Bir sözlə ölkədə istehsal mədəniyyətini formalaşdıracaq, ictimayətə açıq institusional mərkəzə çevrilməlidir.

Biznes inkubatorlar qeyri neft sektorunun inkişafına və ölkənin biznes strategiyasına xidmət etdiyindən birbaşa dövlətin nəzarətində olmalı, yüksək ixtisaslı kadrlarla və lazımı infrostrukturla təmin edilməlidir.

Müəllif: Zahid Şaliyev, İqtisadçı ekspert 

Son xəbərlər
Digər xəbərlər