3 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank: Ticarət və xidmət balansında pozitiv meyllər müşahidə edilir

“Xarici şoka adekvat olaraq həyata keçirilmiş siyasət tədbirləri nəticəsində 2017-ci ildə yeni makroiqtisadi sabitlik çərçivəsi formalaşıb, ölkənin xarici və daxili balansı yaxşılaşmağa başlayıb”.

Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2014-cü ilin II yarısından neftin 3 dəfə ucuzlaşmasına reaksiya olaraq makroiqtisadi siyasətdə dərin manevr həyata keçirilib: “Neft gəlirlərindən istifadə səviyyəsi optimallaşıb, məzənnə korreksiyası həyata keçirilib, maliyyə sektorunda sağlamlaşma və restrukturizasiya prosesləri başlanıb, yaradılmış Maliyyə Sabitliyi Şurası makro iqtisadi koordinasiya üçün effektiv platforma rolunu oynayıb”.

Bəyanatda bildirilib ki, 2017-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyi yaxşılaşıb. “Tədiyyə balansının 2015-2016-cı illərdəki kəsiri 2017-ciilin 9 ayında 1,4 milyard ABŞ dolları həcmində profisitlə əvəzlənib. Cari əməliyyatlar hesabında ÜDM-in 3,8%-i səviyyəsində profisit qeydə alınıb. Bu profisitin bərpası yalnız neftin dünya bazarlarında qiymətinin artımı ilə bağlı deyil. Makroiqtisadi korreksiya ilə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsinin 36% ucuzlaşması və diversifikasiya tədbirləri nəticəsində son bir neçə ildə mal və xidmət idxalının əhəmiyəli azalmasına paralel olaraq qeyri-neft ixracının genişlənməsi cari hesabın yenidən profisitə çıxmasını təmin edib. Əmtəə idxalı 3,5% azalıb, qeyri-neft əmtəə ixracı isə 31,3% artıb.

Ticarət balansı ilə yanaşı, xidmət balansında da pozitiv meyllər müşahidə edilir. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri 2,5 dəfə azalıb,turizm xidmətlərində müsbət saldo yaranıb. Kapitalın və maliyyənin hərəkəti balansı da profisitli olub, birbaşa və portfel investisiyalar üzrə müsbət saldo digər investisiyalar üzrə kəsiri tam örtüb”, – deyə bəyanatda vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər