14 C
Baku
Sunday, November 24, 2024

Bankların xilas olması iqtisadiyyatın dirçəlməsi deyil – İqtisadçı

Hamıya məlum olan bir fikir var: banklar iqtisadiyyatın qan-damar sistemidir. Bəlkə də qan-damar sisteminin insan orqanizm üçün nə demək olduğunu həkimlər qədər təsəvvür edən olmaz. Qan-damar sistemi nasaz olan orqanizm necə işləyirsə, bank sistemi pis işləyən iqtisadiyyat da elə işləyir. Bu baxımdan bank sistemini nizama salmadan iqtisadiyyatın böhrandan qurtuluğunu iddia etmək sadəcə absurddur. 2014-cü ilin sonlarından başlayaraq “ucuz neftə görə az gəlir”in fəsadları ilk növbədə, Azərbaycanın bank sektorunu vurdu. 15 bank faktiki olaraq ölkədə baş vermiş devalvasiyanın “qurbanı” oldu. Kreditləşmə kəskin aşağı düşdü, xərclərin optimallaşdırılması siyasəti altında filial, kadr və maaş ixtisarı sektoru bürüdü.

2017-ci ildə isə 2015-ci ildə bank sektorunun aldığı zərbələrin fəsadlarının aradan qaldırılması addımları davam etdirildi. Dövlət daxili borclardan sonra sistem əhəmiyyətli Beynəlxalq Bankın xarici borclarını da üzərinə götürüb. Mərkəzi Bank depozit hərracları vasitəsilə banklara 46,9 milyon manatlıq dəstək verib. Ancaq problem hələ də tam aradan qalxmayıb. Bankların zərərli aktivləri onların yarımcan vəziyyətdə işləməsinə səbəb olub. Nəticədə bank sektoru iqtisadiyyatı pulla təmin edə bilmir.

Bankların aktivləri 10 ay ərzində 16% azalaraq 31,4 milyardan 26,3 milyard manata düşüb. 2016-cı ilin sonu ilə müqayisədə kredit qoyuluşu 16,4 milyardan 12,2 milyard manata düşüb. Probemli kreditlərin həcmi 1,5 milyarddan 1,9 milyard manata yüksələrək taixi rekord həddə çatıb. Əhalinin yerləşdirdikləri əmanətlərin həcmi 7,5-dən milyarddan 7,3 milyard manata düşüb. Azalmağa rəğmən banklar cəlb etdikləri depozitləri yerləşdirməkdə çətinlik çəkir. Bankların bağlanması və bağlanma riski bank sektorunda təmərküzləşməni stimullaşdırır.

Bağlanma çıxış yolu deyil

2018-ci ildə hökumətin üzləşəcəyi əsas çətinliklərdən biri məhz bank sektoru olacaq. Bank sektorunu sağlamlaşdırmadan qeyri-neft sektorunu inkişaf etdirmək, kiçik və orta sahibkarlığın maliyyə resursları ilə təmin etmək çətin olacaq. Bu baxımdan hökumət problemi bankların üzərinə atmamalı, prosesdə yaxından iştirak edərək onlara, dolayısı ilə əhaliyə dəstək verməlidir. Çünki bağlanma çıxış yolu deyil, bank sektoruna inamı sarsıdır.

Bankların sağlamlaşdırılmasının vacibiyi və yolları barədə ilyarım əvvəl dövrü mətbuatda təklifləri İqtisadi Yardım Təşəbbüsü qurumu tərəfindən səsləndirilib . Məqalədə səslənən təkliflərdən biri də dövlətin iştirakı ilə Maliyyə Bazarlarında Sabitlik Fondunun yaradılması və dövlətin bankların səhmlərində müvəqqəti olaraq payçı qismində iştirak etməsi barədə idi. Təklifə görə, dövlətin iştirakçılığı zamanla limitləşdirilir, müəyyən müddətdən sonra (5-10 il) dövlət öz payını özəl sektoruna xeyrinə azaldır. Təəssüf ki, sağlamlaşdırma prosesi zamanın öhdəsinə buraxıldı və xilasetmə dəstəyi Beynəlxalq Bankla məhdudlaşdı.

Şimal qonşumuz bu sektorda fərqli siyasət yürüdür

Azərbaycanda fəqrli olaraq Rusiya bankların bağlanması yox, sağlamlaşdırılması siyasətinə üstünlük verir. Rusiyada müflisləşmə həddində olan bankların sağlamlaşdırılması üçün 2017-ci ilin iyulunda Mərkəzi Bankın nəzdində xüsusi investisiya fondu – Bank sektorunun konsolidasiyası Fondu (Фонд консолидации банковского сектора) yaradılıb. Fondun nizamnamə kapitalı 1,5 milyard rubl müəyyənləşdirilib.

Fond Rusiya Mərkəzi Bankının vəsaitləri hesabına bankları kapitallaşdırır və onların səhmdarına çevrilir. Bank sağlamlaşdırıldıqdan sonra Fond payını (gəlir götürmək məqsədilə yox) satır. Fəaliyyətə başladığı müddətdə Fond 4 sistem əhəmiyyətli bankın sağlamlaşdırılmasına başlayıb. İlk bank olan “Finansovaya Korporasiya Otkrıyie”-dan tutmuş nəzarətə götürülmüş sonuncu bank – “Promsvyazbank” (aktivlərinin həcmi təxminən 22 milyard USD) ölkənin ilk 10-luğuna daxil olublar.

2008-ci ildə qlobal maliyyə böhranı zamanı ABŞ hökuməti də iki nəhəng ipoteka bankını – FannieMae və FreddieMac) xilas üçün onların problemli aktivlərini aldı. Britaniya hökuməti də müflisləşmə həddinə çatmış Royal Bank of Scotland Group-u xilas üçün 20 milyard funt sterlinq xərcləməklə onun səhvlərinin 58%-nə sahib oldu. Bankın 10 il əvvəl başlanmış sağlamlaşma prosesi hələ də davam edir və hazırda bankda dövlətin payı 80%-ə çatıb.

Belə nümunələrin sayını artırmaq da olar. Göründüyüz kimi zərərli aktivlərin sağlamlaşdırılmasında dövlətin dəstəyinin əsasını payçı qismində iştirak etmək təşkil edir. Bankın aktivləri dövlət büdcəsi hesabına həyata keçirildi. Ancaq bizdən fərqli olaraq Rusiyada bankların sağlamlaşdırıması dövlət büdcəsi hesabına yox, Mərkəzi Bankın vəsaitləri hesabına həyata keçirilir. Rusiya nümunəsində sual doğuran məsələ maliyyələşmə mənbəyi ilə bağlıdır. Çünki beynəlxalq təşkilatlar hesab edir ki, Mərkəzi Bank əvəzinə dövlət vəsaitlərinin istifadəsi şəffaflığın təminatı baxımından beynəlxalq standartlara cavab verər və sağlam kredit təşkilatların prosesdə iştirakına imkan yaradar. Ancaq digər tərəfdən problemin vergiödəyicilərin pulu hesabına aradan qaldırmaq da optimal variant deyil. Xüsusilə əgər büdcənin xərclərinin əhəmiyyətli hissəsi dövlət borclarının ödənilməsinə yönəldildiyi və büdcə vəsitlərinin səmərəsiz xərcləndiyi bir ölkədə şəffaflıq amili kölgədə qalır.

Azərbaycanda bankların sistemli sağlamlaşdırılması və dövlətin iştirakını təmin etmək üçün Mərkəzi Bankın nəzdində Bankların Sağlamlaşdırılması Fondunun yaradılması məsələsi nəzərdə keçirilməlidir. Fondu bir sıra meyarları (bankın sistem əhəmiyyətli olması, sosial yükünün çox olması və s.) əlində əsas tutaraq öhdəliyini icra etmək iqtidarında olmayan bankların sağlamlaşdırılmasına başlamalıdır.

Müəllif: Samir Əliyev, iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər