Səudiyyə Ərəbistanı post-neft dövrünə qədəm qoyur və hesab edir ki, inşası başlayan “gələcəyin meqapolis”ləri ölkə iqtisadiyyatının inkişafını və şaxələndirilməsini təmin edəcək.
Bunu Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumda Səudiyyə Ərəbistanının “King Abdullah Economic City” (KAEC) layihəsinin rəhbəri Fəhd əl-Rəşid deyib.
“Limanların, əyləncə sənayesinin, həmçinin inşaat sektorunun inkişafına ümid bəsləyirik. Düşünürük ki, doğru istiqamətdə irəliləyirik”,- o bildirib.
Qeyd edək ki, KAEC layihəsi Səudiyyə Ərəbistanı ilə dünya ölkələri arasında ticarət dövriyyəsinin artırılmasını nəzərdə tutur. Layihənin adı ilə 2006-cı ildə Qırmızı dənizin sahilində yeni şəhər yaradılıb. KAEC ölkənin Ciddə şəhərindən 100 km. məsafədə yerləşir. Ər-Riyadda hesab edirlər ki, bu region dünya ticarətinin drayveri kimi önəmli rol oynaya bilər.
Xatırladaq ki, 2016-cı ilin aprelində Səudiyyə Ərəbistanında qəbul edilmiş “Vision-2030” proqramı krallığın 15 il ərzində neft asılılığından qurtarmasını nəzərdə tutur. Bu məqsədlə Qırmızı dəniz sahilində innovativ şəhər olacaq “Neom”un da inşası nəzərdə tutulub. Layihəyə ilkin mərhələdə 500 mlrd. ABŞ dolları məbləğində vəsait ayrılması planlaşdırılır.