3 C
Baku
Saturday, December 14, 2024

“Çudo Peçka”nın təsisçisinin oğlu Anar Cəlilov məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi Ç. Cəlilovun qardaşı Pərviz Cəlilov şahid qismində sualları cavablandırıb. O, şirkətdə icraçı direktor olduğunu, 2012-ci ilə qədər götürülən kreditlərin ödənildiyini, sonradan götürülən kreditin isə onlara adiyyatı olmadığını deyib: “”Bakery” şirkəti həmin krediti ödəməli idi. Bütün bunlar müqavilədə də qeyd edilib. Lakin sonradan biz borcla bağlı məhkəməyə çağırıldıq və həmin vaxt məlum oldu ki heç bir ödəniş olmayıb”.

O, bildirib ki, “Bank Standard”dan onlara verilən göstərişləri yerinə yetiriblər: “2009-cu ilə kimi vəziyyətimiz yaxşı idi. Həmin il dünyada böhran oldu və bizə də təsir etdi. Alıcı qabliyyəti azaldı ”

Prosesdə Ç. Cəlilovun oğlu Anar Cəlilov da şahid qismində ifadə verib. O, hazırda işsiz olduğunu, kreditlər götürülən zaman da heç yerdə işləmədiyini deyib. Bildirib ki, şirkətə gedib-gəlib, kabineti olub, götürülən kreditlərin hara xərcləndiyini bilmir: “Mən özüm kredit götürüb maşın almışam. Başqa məsələlərdən xəbərim yoxdur. 2006-cı ildə banka gedib kredit müqaviləsinə qol çəkmişəm. Lakin mənə pul verilməyib”.

Ç. Cəlilov isə bildirib ki, onun tapşırığı ilə oğlu bankda sənədləri imzalayıb: “Bizi bu günə Bank Standard, Heydər Babayev, onun həyat yoldaşı, moşennik əlaltıları Kriman Səlimov salıb. Mən sizə hər şeyi sənədlə sübut edərəm”.

A.Cəlilov şirkət üçün onun adına götürülən kreditlərin məbləğini xatırlamadığını deyib.

Proses davam edir.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç. Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər
Digər xəbərlər