5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda mühüm yenilik: Sıfır sərmayə ilə də şirkət yarada biləcəyik

“Hökumət mikro sahibkarlara güzəştlərin tətbiqi mexanizmini işləyib təqdim etməlidir”

Azərbaycanda sahibkarlıq fəaliyyəti mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür. Bununla əlaqədar Milli Məclisin ötən il dekabrın 29-da keçirilən plenar iclasında “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliyə əsasən, qanuna yeni 4-1-ci maddə (Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü) əlavə edilib. Həmin maddədə deyilir ki, sahibkarlıq subyektləri bu qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlara görə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlar əsasında həyata keçirilir. Qanun layihəsi sahibkarlıq subyektlərinə dövlət dəstəyi və güzəştlərin tətbiqinin səmərəliyini artırmaq üçün onların mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üzrə təsnifləşdirilməsi məqsədi ilə hazırlanıb.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov açıqlamasında Azərbaycanda kiçik, orta və iri sahibkarlığın fərqləndirildiyini söyləyib: “Bununla bağlı Nazirlər Kabinetinin təsnifatı var. Nazirlər Kabinetinin təsnifatına uyğun olaraq kiçik və orta müəssisələr üçün həm dövriyyə, həm də işçilərin sayına uyğun olaraq fərqləndirmələr həyata keçirilirdi. Eyni zamanda, kiçik və orta müəssisələr sadələşdirilmiş vergi subyekti olaraq aşağı dərəcəli vergilərdən, yəni vergi güzəştlərindən istifadə etmək hüququna malik idilər. Sadələşdirilmiş vergi subyektləri Bakıda fəaliyyət göstərdikləri halda, dövriyyənin 4 faizi, rayonlarda isə dövriyyənin 2 faizi həcmində vergi ödəyirdilər. Sadələşdirilmiş vergi subyektləri üçün dövriyyə 200 min manatdan çox olmamalıdır. Əgər bu göstəricidən artıq olarsa, onlar sadələşdirilmiş vergi subyektləri deyil, daha iri və ya əlavə dəyər vergisi ödəyicisi hesab olunurdular”.

Onun sözlərinə görə, buraya mikro sahibkarların əlavə edilməsinə ehtiyac var idi: “Bu, həm də son dövrlər institusional dəyişikliklərlə bağlı olub. Belə ki, Azərbaycanda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi və eləcə də Kreditlərə Zəmanət Fondu yaradılıb. Xüsusilə son tədqiqatlar göstərdi ki, sadələşdirilmiş vergi subyektləri, ya da kiçik və orta sahibkarlar vergi güzəştlərindən istifadə edirlər”.

“Amma bununla belə onların, xüsusən də çox kiçik sahibkarların kredit resurslarına çıxış imkanları məhduddur. Onların girovları yoxdur və girov təklif edə bilmirdilər. Girovları olmadığı üçün Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən faydalana bilmirdilər. Nəticədə mikro sahibkarlıq və xüsusən də daha kiçik sahibkarlıq subyektləri həm kreditlərə, həm də bazara çıxış imkanları baxımından çətinliklərlə üzləşirdilər. Buna görə də mikro sahibkarlığın fərqləndirilməsi həm də onların ayrıca olaraq dəstəklənməsi baxımından vacib idi” — V.Bayramov bildirib.

Ekspertin fikrincə, qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra yeni təsnifatın tətbiq edilməsində də məqsəd məhz həmin növ sahibkarlıq subyektlərinin ayrıca olaraq dəstəklənməsinə nail olmaqdır: “Dəyişikliklərdən sonra kiçik və orta sahibkarlarla yanaşı, mikro sahibkarlar üçün xüsusi fərqli güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Mikro sahibkarlar üçün, xüsusən də girovsuz kredit resurslarına çıxış imkanlarının genişləndirilməsinə, aşağı faizli və hətta faizsiz kreditlə təmin edilməsinə ehtiyac var. Nəticədə mikro sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi prioritet olmalıdır”.

Müsahibimizin qənaətincə, dəyişikliklər də imkan verir ki, mikro sahibkarlığa ayrıca yanaşmaq mümkün olsun və mikro sahibkarlar üçün ayrıca güzəştlərin tətbiq edilməsi həyata keçirilə bilsin: “Bu, çox vacibdir və dəyişiklikdən sonra hökumət mikro sahibkarlara güzəştlərin tətbiq edilməsi mexanizmini işləyib təqdim etməlidir”.

V.Bayramov bildirib ki, ölkələrə görə fərqli təsnifatlar mövcuddur: “Məsələn, ABŞ-da orta sahibkarlıq ayrıca təsnifləşdirilmir, yalnız kiçik sahibkarlıq təsnifləşdirilir. Avropa ölkələrində isə orta sahibkarlıq təsnifləşdirilir. Amma startupların yaranması ilə bağlı olaraq bir sıra Cənub-Şərqi Asiya və bəzi Avropa ölkələrində mikro sahibkarlar və ya yeni fəaliyyətə başlayan sahibkarlar ayrıca fərqləndirilir. Məqsəd həmin sahibkarlara xüsusi və daha geniş güzəştləri təklif etməkdir”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov da yeniliklə bağlı Sputnik-ə fikirlərini açıqlayıb. “Bütün dünyada, o cümlədən Azərbaycanda da mikro sahibkarlıq mövcuddur. Sadəcə olaraq biz bunu bölmürdük” — o bildirib.

Ekspertin sözlərinə görə, hazırda dünyada kütləvi şəkildə startup hərəkatı başlayıb: “Azərbaycanda isə yeni yayılmaq üzrədir. Artıq Azərbaycanda bunu təsnifləşdirməyin vaxtı gəlib çatmışdı. Əvvəllər kiçik və orta sahibkarlıq deyirdiksə, hazırda mikro sahibkarlıq da var”.

“İstənilən sahədə böyük sərmayələr qoymadan, kiçik sərmayə ilə, hətta bəzən sıfır sərmayə ilə informasiya texnologiyaları üzərindən müxtəlif şirkətlər açmaq olur. Bu şirkətləri mikro sahibkarlığa aid etmək olar. Gələcəkdə bunlar artıb iri sahibkarlığa çevrilə bilirlər. Amma hər startup-ı bura aid etmək olmaz. Şəxsin əlində 10-15 min manat varsa və bununla gedib kiçik market açırsa, buna mikro sahibkarlıq demək olmaz. Bunu kiçik sahibkarlığa aid etmək olar — M.Həsənov vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər