10 C
Baku
Tuesday, November 26, 2024

Nazirdən xəbərdarlıq: Tanınmış şirkətlər boşluqlardan istifadə edərək vergidən yayınır

“Bu gün Vergilər Nazirliyi vergi ödəyicilərinə vergi toplanmasından könüllü vergi ödənilməsinə keçidi təklif edir. Bu vergi orqanı ilə vergi ödəyicisi arasında sağlam münasibətlərinin olduğunu əks etdirməklə bir sıra istiqamətlərdə də öz pozitiv effektini verəcək və cəmiyyətdə sahibkarın rolunun və nüfuzunun artırılmasına xidmət edəcək”.

Bunu nazirliyin təşkil etdiyi “Vergilər, şəffaflıq, inkişaf” adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun vergi uçotunun bərpası ilə məşğul olacaq: “İzahat işi aparacağıq ki, qanuna riayət etməklə yaşamaq daha sərfəli və şərəflidir, nəinki qanunu pozmaqla yaşamaq. Vergi işçilərinin yeni nəslini öyrədib tərbiyə edəcəyik ki, onlar vergi ödəyicisinə baxanda qurban deyil, vətəndaş və partnyor görsünlər. Hansının ki, vəzifələri ilə yanaşı hüquqları da vardır. Hansı ki, qəbul etdiyi qərarlara görə məsuliyyət daşımalıdır. Biz nəzərə almalıyıq ki, regionun digər dövlətləri xarici və Azərbaycan investorlarının sərmayələrinin cəlb edilməsi uğrunda rəqabət aparırlar, xüsusilə bu qeyri-neft sektoruna aiddir. Sahibkardan qanuna riayət olunmasını tələb etmək üçün Vergilər Nazirliyinin onunla münasibətdə fəaliyyəti sui-istifadə hallarının istisna edilməsi prinsipi üzərində qurulmalıdır. Təbii ki, qanuna riayət etməyən və yaxud maraqlarına uyğun gələndə qanunu yada salan vergi ödəyicisi bizdən heç bir güzəşt gözləməməlidir”.

Nazir həmçinin bir sıra şirkətlərin qanunvericilikdə olan boşluqlardan istifadə edərək vergidən yayınması barədə danışıb: “Tanınmış yerli və xarici şirkətlərin də qanunvericilikdə olan boşluqlardan və ya vergi orqanlarda informasiyanın olmamasından istifadə edərək, vergidən yayınma hallarına yol verdikləri bizə məlumdur. Bu şirkətlər vergi yayınma yollarını yaxşı bilən təcrübəli vergi məsləhətçilərini də işə götürə bilər və maraqlarını müdafiə edə bilən bahalı və bacarıqlı hüquqşünasları da işə cəlb edə bilərlər. Bu gün yalnız onu deyə bilərəm ki biz bu hallar barədə məlumatlıyıq, biz tez öyrənirik və belə davranış davam edəcəyi təqdirdə bir gün vergi müfəttişinin sizin qapınızın döyməsinə hazır olun. Əgər Siz hesab edirsiniz ki, mən mübaliğə edirəm, yadınıza salın nə qədər şirkət tanıyırsınız ki, göstərdiyi xidmətin ödənişini xaricdə alır, nə qədər işçi tanıyırsınız ki, aldıqları əməkhaqqı rəsmiyyətə salınmayıb, getdiyiniz neçə supermarket və ictimai iaşə obyekti var ki, müştərilərinə fiskal kassa çekini vermir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər