Vergilər Nazirliyi (VN) yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, baş vergi xidməti müşaviri Elçin İsayev Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən “Amec Services Limited” şirkətinin baş mühasibi və maliyyə menecerinin müavini işləmiş Fuad Əfəndiyevin barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Təqsirləndirilən şəxs də Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
VN-nin departamenti külli miqdarda vergi ödəməkdən yayınan F.Əfəndiyevin Nazirliyə dəymiş ziyanın ödənilməsini istəyir. Təqsirləndirilən şəxs isə şikayətində barəsində ədalətli hökm çıxarılmasını tələb edir.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 21-nə təyin edilib.
Qeyd edək ki, cinayət işinin başlanmasına “Amec plc” şirkətinə məxsus üç şirkətin – “Amec” MMC, “AMEC Resources Limited” və “AMEC Services Limited” şirkətlərinin fəaliyyətləri dövründə qeyri-qanuni ödənişlərin aparılması barədə edilən müraciət səbəb olub.
İstintaq zamanı külli miqdarda pul vəsaitinin qanunsuz olaraq müxtəlif ölkələrdəki şirkətlərə köçürülməklə leqallaşdırıldığı məlum olub.
F.Əfəndiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilib.
Məhkəmədə ifadə verən F.Əfəndiyev özünü təqsirli bilmədiyini söyləyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əfəndiyev 4 il müddətinə azadlıqdan məhrum edilib.