7 C
Baku
Thursday, December 12, 2024

İlham Əliyev bu maliyyə qurumuna 160 mln. manat pul ayırdı

Son dövrlərdə ölkə iqtisadiyyatının əsas prioritet sahələrindən olan aqrar sektorda dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Həyata keçirilən tədbirlər çərçivəsində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti on mindən çox müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən müasir tipli pambıqyığan və taxılbiçən kombaynlar, traktorlar, yedəklər və digər kənd təsərrüfatı texnikası alaraq respublikaya gətirmişdir.

Bu barədə Banker.az-a Prezidentin rəsmi saytından daxil olan Sərəncamda deyilir.

Məlumatda deyilir ki, ölkənin kənd təsərrüfatı texnikası parkı müasirləşdirilmiş, dövlət büdcəsinin vəsaiti hesabına ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməklə həmin maşın və mexanizmlər fermerlərə satılmışdır. Görülən məqsədyönlü tədbirlər nəticəsində kənd təsərrüfatının ənənəvi sahələri sayılan pambıqçılığın, taxılçılığın, çəltikçiliyin, çayçılığın, bağçılığın və digər sahələrin dayanıqlı inkişafı təmin olunmuşdur, yeni yaradılan pambıq qəbulu məntəqələri və pambıq emalı zavodları isə hazırda avadanlıqla təchiz edilir.

Bununla belə, uzun müddət istismarda olmuş kənd təsərrüfatı texnikasının bir hissəsinin texniki parametrlərinin və keyfiyyət göstəricilərinin müasir standartlara uyğun gəlməməsi səbəbindən, innovativ və yeni mütərəqqi becərmə texnologiyalarının tətbiqi ilə əlaqədar texnika parkının yenilənməsi, məhsul istehsalçılarının müasir kənd təsərrüfatı texnikasına tələbatının fasiləsiz və davamlı ödənilməsi sahəsində əlavə tədbirlər görülməsi zəruridir.

“Taxılçılıq, pambıqçılıq, çəltikçilik, çayçılıq və bağçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya, suvarma sistemləri dəstlərinə və avadanlığa ehtiyacını ödəmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.6.1-ci yarımbəndində göstərilmiş məbləğin 160,0 (yüz altımış) milyon manatı “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.”- deyə sərəncamda qeyd edilir.

Maliyyə Nazirliyi bu Sərəncamda qeyd olunan məbləğdə maliyyələşməni təmin edilməsi tapşırılıb.

Son xəbərlər
Digər xəbərlər