22 C
Baku
Thursday, October 3, 2024

Listinqə çıxan şirkətlər üçün vergi güzəştlərinin tətbiqi təklif olunur

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda listinqə çıxan şirkətlər üçün müəyyən vergi güzəştlərinin tətbiqini təklif edir.

Bu barədə açıqlamasında Palatanın Maliyyə bazarlarına nəzarət Departamentinin direktoru Cavid Nəzərov məlumat verib.

“Beynəlxalq təcrübədə listinqə çıxan şirkətlərin vergilərinin azaldılması və yaxud hər hansı qiymətli kağızı saxlayan investorun müəyyən müddətdən sonra gəlir vergisindən azad olması kimi nümunələr var. Biz bunu Azərbaycana gətirməyi düşünürük. Hələ ki, ilkin fikirlərdir. Dövlət orqanları ilə müzakirələr apardıqdan sonra qərar veriləcək” – deyə o, qeyd edib.

O, həmçinin milli reytinq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsi üçün artıq araşdırmalara başlanıldığını da qeyd edib: “Araşdırmalar aparmışıq, amma eyni zamanda bazardan da məlumat gözləyirik. Bununla bağlı Azərbaycan Fond Bazarı İçtirakçıları Assosiasiyasına məlumat vermişik. Onlar öz təkliflərini verəcəklər. Banklarla da bu barədə müzakirə apardıqdan sonra artıq qərar veriləcək ki, buna ehtiyac var və yaxud yoxdur”.

Milli reytinq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsi ilə bağlı məsələ “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb. Buna uyğun tədbirlər planı hazırlanacaq və icrasına başlanacaq. Sözügedən tədbirin 2018-2019-cu illərdə həyata keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər