“Azərbaycanda dollarlaşmanın səviyyəsi tədricən azalacaq”. Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov belə hesab edir.
O, mətbuata açıqlamasında qeyd edib ki, ötən ilin əvvəlində Azərbaycanda dollarlaşma, təqribən 80 faiz təşkil edərək pik səviyyəyə çatmışdı: “Lakin 2017-ci il ərzində dollarlaşma səviyyəsi tədricən azalmağa başladı və ilin sonuna 10 faiz bəndi azaldı. Hesab edirik ki, yaxın perspektivdə dollarlaşma azalmaqda davam edəcək”.
Məsələni şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (İRÖM) sədri Ruslan Atakişiyev deyib ki, Azərbaycanda dollarlaşmanın azalması və yaxud da sürətlə zəifləməsinə təsir edə biləcək bir neçə amil mövcuddur. Bu amillər də gücləndikcə, prosesi daha da sürətləndirir.
R.Atakişiyevin sözlərinə görə, bu amillərdən birincisi milli valyutaya olan inamın güclənməsidir: “Bu da milli valyutanın xarici valyutalara qarşı möhkəmlənməsi ilə bağlıdır. İkincisi isə, ölkədə “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqindən irəli gələn məsələlərdir”.
“Yəni ümumiyyətlə, şirkətlər arasında iri mübadilələrin əksəriyyətinin nağdsız həyata keçirilməsi öz növbəsində milli valyutada olan əməliyyatların həcmini artırır. Çünki vəsaitlərin daha çox nağdlaşdırılması sonradan onun dollarlaşmasına gətirib çıxarırdır. Bu da prosesə təsir imkanlarını artırır”, — deyə o, əlavə edib.
Ekspertin sözlərinə görə, milli valyutanın möhkəmlənməsinə təsir göstərən üçüncü amil 2017-ci ilin Azərbaycanda iqtisadi stabillik dövrü kimi xarakterizə olunması ilə bağlıdır: “Dördüncü amil isə, ölkə iqtisadiyyatında istehsalın həcminin artması, xüsusilə də ixracyönümlü məhsulların istehsalının həcminin artmasıdır. Bu da xarici valyutanın ölkəyə gətirilməsinə və gələcəkdə ölkə daxilində xammal, məhsul alış-satışlarında milli valyutaya ehtiyacın çoxluğu halında onun dəyərinin möhkəmlənməsinə təsir göstərir”.
R.Atakişiyev vurğulayıb ki, milli valyutanın möhkəmlənməsinə təsir göstərən digər amilləri də göstərmək olar: “Və bu amillər davamlı olduğu müddətcə milli valyutanın möhkəmlənməsinə gətirib çıxaracaq”.
İqtisadçı-ekspert Qalib Toğrul da Sputnik-ə şərhində Mərkəzi Bankın təmsilçisinin yanaşmasını düzgün hesab etdiyini bildirib: “Dollarlaşmanın səviyyəsi o zaman artır ki, manata olan güvən çox aşağı düşür və ona görə də əhali xarici valyutalarda, xüsusən də dollarda öz əmanətlərini və yaxud da vəsaitlərini saxlamağa üstünlük verirlər. Bir də o zaman baş verir ki, artıq manatla olan vəsaiti hansısa əmlaka qoymaq, əmanət kimi banka qoymaq təhlükəli olur. Hazırda isə elə bir təhlükə gözlənilmir”.
Onun sözlərinə görə, bu da ona görədir ki, hazırda neftin qiyməti kifayət qədər yüksəkdir və düşmək ehtimalı gözlənilmir: “Digər tərəfdən, ölkədə artıq stabil bir iqtisadi mühitə doğru addımlar atılır, bu istiqamətdə müəyyən işlər görülüb. Ona görə də artıq sahibkarlıq sahəsində vəziyyət stabilləşib”.
Q.Toğrul vurğulayıb ki, Mərkəzi Bankın təmsilçisinin açıqlamasında reallıq var: “Bank sektorunda vəziyyət tam düzəlməsə də, müəyyən müsbət meyllər var. Müsbət hal kimi onu da qeyd etmək olar ki, artıq banklar dollarla olan əmanətlərə çox aşağı faizlər, manatla olan əmanətlərə isə, təxminən 3 dəfə yüksək faizlər təklif edirlər. Bu da manata olan inamın möhkəmlənməsində mühüm rol oynayır”.