10 C
Baku
Thursday, December 12, 2024

Rusiyada daha bir oliqarx əməliyyatı: Leyla Məmmədzadə də saxlanıldı

Rusiyadaha bir oliqarx-milyarderin həbsi ilə çalxalanır.
Banker.az virtualaz.org-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları gözlənilmədən ölkənin nəhəng holdinqlərindən biri olan çoxprofilli “Summa” şirkətlər qrupununsahibi, dağıstanlı milyarder Ziyavuddin Maqomedovu (yaxud qısaca Ziya Maqomedov), qardaşı Maqomedi və holdinqin digər səlahiyyətli şəxslərini həbs edib.
Ötən gün həyata keçirilən bu həbslər zamanı tutulanlar mənimsəmələrdə, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda və milyardlarla rubl büdcə pullarını talamaqda ittiham edilirlər.
Maqomedov qardaşları və onların holdinqlərinin vəzifəli şəxslərinin Rusiyanın 25 regionunda aparılan irimiqyaslı istintaq tədbirlərinin nəticəsində həbs edildiyi açıqlanıb.
Hazırda iş üzrə 9 şübhəli şəxs var. Ziya Maqomedova qarşı irəli sürülən əsas ittiham Kalininqrad vilayətində futbol üzrə 2018-ci il Dünya Çempionatı üçün tikilən “Baltik Arena” stadionunun tikintisində yol verilən yüz milyonlarla rubl mənimsəmələrlə bağlıdır. Bu stadionun tikintisində baş podratçı azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun “Crocus Group” şirkətidir.
Habelə Maqomedovların Novorossiysk ticarət limanının tikintisində də mənimsəmələrə yol verdiyi bildirilir. “The Bell” nəşrinin yazdığına görə Maqomedov qardaşları ilə birlikdə “Summa” şirkətlər qrupunun baş direktoru Leyla Məmmədzadə də saxlanılıb.
42 yaşlı Leyla Rafaelovna Kantoroviç-Məmmədzadə azərbaycanlıdır. Bildirilir ki, o Bakıda anadan olub, ABŞ-da maliyyə işi və neft işi üzrə magistr təhsili alıb. ABŞ, Böyük Britaniya və Niderlandda yaşayıb. İnvestisiyaların idarə edilməsi, risklərin analizi üzrə ixtisaslaşıb, ABŞ-ın “Halliburton” şirkətində strategiyaların hazırlanmasına məsul olub, Britaniya-Hollandiya neft-qaz nəhəngi “Royal Dutch Shell”də həmin sahəyə rəhbərlik edib.
51 yaşlı Ziyavuddin Maqomedov “Forbes”in milyarderlər siyahısında 53-cüdür. O, milliyətcə avardır, Dağıstanın Xunzaxsk rayonunun Şotoda kəndində anadan olub.
Keçmiş senatordur, 2002-2009-cu illərdə Federasiya Şurasının üzvü olub. Onun sahibi olduğu “Summa” şirkətlər qrupu diversifikasiya olunmuş holdinqdir, liman logistikası, mühəndislik xidmətləri, telekommunikasiya, neft-qaz və digər sektorlarda çoxsaylı aktivlərə malikdir. Rusiyanın ən qaranlıq şirkətlərindən biri hesab edilir. Azərbaycan neftinin də nəql edildiyi Novorossiysk ticarət limanı da Ziya Maqomedova məxsusdur.
Ziya Maqomedovun həbsi ən son məqamda həyata keçirilib. O, şəxsi təyyarəsi ilə ailəsi ilə birlikdə ABŞ-ın Mayami şəhərinə uçmaq istəyərkən tutulub.
Biznesmen Mayamiyə “əməliyyat olunmaq üçün getmək istədiyini” deyib. Vəkilləri onun istintaq dövründə azadlığa buraxılması üçün 2.5 milyard rubl girov təklif edib, lakin məhkəmə girovu qəbul etməyib və oliqarxın barəsində həbs qətimkan tədbiri seçilib. Bildirilir ki, həbslər başlayanda Maqomedov qardaşlarının menecerlərindən ikisi, o cümlədən “GlobalElectroServise” və “Transinjinirinq” şirkətlərinin baş direktoru Eldar Naqapov Dubaya qaçmağa imkan tapıb.
“The Bell” nəşri Ziya Maqomedovun baş nazir Dmitri Medvedyevə yaxın oliqarx olduğunu yazır. Medvedyev ona yüksək dövlət mükafatları verib. Bəzi məlumatlara görə Medvedyevin xanımı “Summa” holdinqinin səhmlərinin 20 faizinə sahibdir.
Son xəbərlər
Digər xəbərlər