İyunun 8-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.
Bu barədə Banker.az-a AZAL-ın mətbuat xidməti məlumat verib.
Reyslər “Airbus A320” təyyarələri ilə hər həftə cümə günləri yerinə yetiriləcək.
“Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da. Lənkərandan uçuş yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də.
Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.
Qeyd edək ki, yay cədvəli çərçivəsində Moskvaya Azərbaycanın digər bölgələrindən də – Gəncə (aprelin 13-dən) və Qəbələ (iyunun 4-dən) AZAL-ın reysləri yerinə yetiriləcək. Bu istiqamətlər üzrə reyslər Rusiyanın turizm şirkətləri ilə birgə tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilir.
Bundan başqa, ilk milli loukoster “Buta Airways” Gəncədən Moskvaya birbaşa reyslər həyata keçirir.