Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Respublika Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC, “Texnikabank”, “Kredobank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azerbaycan” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlaklarını 41 lot üzrə satışa çıxarır.
“Report” Fonda istinadən xəbər verir ki, 20 lot üzrə əmlak II dəfə hərraca, 19 lot üzrə əmlak III dəfə, 2 lot üzrə isə əmlak isə IV dəfə hərraca çıxarılır.
IV dəfə hərraca çıxarılan “Texnikabank”ın balansındakı bağ evinin və “Bank Standard”ın balansındakı 1 ədəd “Daewoo Nexia” avtomobilinin ilkin satış qiyməti 30% aşağı salınıb. Bu əmlakların satışı üzrə hərrac aprelin 30-da keçiriləcək.
“Bank Standard”ın balansındakı 2 ədəd VAZ-213100, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz S500i”, 2 ədəd “Mitsubishi Lancer” markalı avtomobillər, “Royalbank”ın balansındakı 1 mənzil və 2 ev, “Kredobank”ın balansındakı 1 mənzil və “Texnikabank”ın balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi III dəfə hərraca çıxarılıb. Bu əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb.
Qeyd edək ki, ən baha avtomobil kimi “Bank Standard”a məxsus “Mercedes Benz GL500” qeyd edilib, və ilkin qiymət kimi 139.460,00 AZN-lə hərraca çıxarılıb.
“Bank Standard”ın balansındakı 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, “Zaminbank”ın balansındakı 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, “Royalbank”ın balansındakı 1 fərdi ev, “Texnikabank”ın balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə) və 1 ədəd bankomat və “Bank of Azerbaijan”ın balansındakı “Ford Transit” avtomobili hərraca II dəfə çıxarılıb.
II və III dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac mayın 7-də keçiriləcək.
Hərrac açıq formada Respublika Xammal və Əmtəə Birjasında, Bakı şəhəri, İsmayıl Hidayətzadə küçəsi, 156(20A) 1933-cü məhəllə ünvanında olacaq. Hərraca cıxarılan əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 linki vasitəsilə tanış olmaq olar.