Yaponiyanın sabiq Baş naziri Zyuniçiro Koizumi Şinzo Abenin reytinqinin çox aşağı düşməsi və dövlət torpağının özəl şirkətə həddindən artıq ucuz qiymətə satılması ilə əlaqədar baş verən qalmaqal fonunda hazırki hökumətin başçısının istefasını proqnozlaşdırır.
Banker.az bu barədə AzerTag-ın ölkə üzrə xüsusi müxbirinə istinadə xəbər verir.
Nüfuzlu AERA jurnalının aprelin 16-da dərc olunan nömrəsinə müsahibə verən Z.Koizumi deyib: “Vəziyyət çox gərgindir. Ş.Abe yəqin ki, tezliklə, parlamentin cari sessiyasının sonunadək gedəcək”. Sabiq Baş nazir bildirib ki, Liberal Demokratik Partiyanın sentyabrda gözlənilən seçkilərində Ş.Abe üçüncü müddətə artıq seçilməyəcək. “Bu, gələn il parlamentin yuxarı palatasına keçiriləcək seçkilərə də təsirini göstərəcək. Ş.Abe üçün bu, pis seçkilər olacaq”,- deyə Y.Koizumi vurğulayıb.
Aprelin 14-də Tokioda keçirilən mitinqin təqribən 50 min nəfər iştirakçısı “Abe, istefa ver!”, “Yaşasın sülh!”, “Konstitusiyanın doqquzuncu maddəsi dəyişdirilməsin!” kimi şüarlar səsləndiriblər. Kyodo agentliyinin aprelin 15-də keçirdiyi sorğunun nəticələrinə görə isə Ş.Abenin rəhbərlik etdiyi hökumətin reytinqi 37 faizə düşüb.
Ş.Abenin və həyat yoldaşı Akienin, həmçinin maliyyə naziri Taro Asonun adlarının dövlət torpağının özəl məktəbin inşası üçün həddindən artıq ucuz qiymətə satılmasında hallanması, bununla yanaşı, Yaponiya özünümüdafiə qüvvələrinin İraqdakı fəaliyyəti barədə Müdafiə Nazirliyi tərəfindən mövcudluğu inkar edilən sənədlərin aşkarlanması barədə Yaponiya kütləvi-informasiya vasitələrinin son vaxtlar yaydığı məlumatlar əhali arasında kəskin narazılığa səbəb olub.