Dünya bazarında neftin 1 barrelinin qiyməti 70-75 ABŞ dolları civarındadır ki, bu da 2016-cı ilin əvvəlindən bəri rekord həddir. Hazırda Nyu-York əmtəə birjasında fyuçers müqavilələrinin ticarəti 67 dollardan reallaşdırılır. Bu isə 2014-cü ilin dekabr ayından bəri ən yüksək qiymətdir.
Analitik* qrup hesab edir ki, neftin kəskin bahalaşması aşağıdakı amillərlə bağlıdır:
– Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvü olan və olmayan ölkələr hasilatın həcmini azaltmaqda, bununla da neft bazarında tələbin təklifi üstələməsinə şərait yaratmaqdadır. Xüsusilə OPEC-in hasilatın azaldılması barədə sazişə sadiq qalması, o cümlədən Səudiyyə Ərəbistanı və Venesuelanın istehsal həcmini bu il üzrə minimum həddə endirməsi əmtəə birjalarında qiymətlərin azalmasına imkan vermir.
– Yaxın Şərq regionunda vəziyyət yenidən gərginləşib. Bir tərəfdən ABŞ, Böyük Britaniya və Fransanın daxil olduğu Qərb koalisiyası Suriyaya hava hücumu həyata keçirib. Digər tərəfdən isə Yəməndəki üsyançılar Səudiyyə Ərəbistanını raket atəşinə tutub. Neft istehsalının və ixracının əhəmiyyətli hissəsinin hasil edildiyi regionada baş verənlər dünya bazarındakı qiymətlərə təsirsiz ötüşmür.
– ABŞ Xəzinədarlığının rəsmisi Stivin Mnuhin İranın nüvə proqramı ilə əlaqədar olaraq bu ölkəyə qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyi barədə açıqlama verib.
– Səudiyyə Ərəbistanın dünyanın sürətlə böyüyən neft bazarlarından biri – Hindistanla yeni tərəfdaşlıq münasibətləri barədə danışıqlara başlayıb.
– İraqın 11 neft və qaz yatağının beynəlxalq hərraca çıxarılması ləngiyir.
Müşahidələr göstərir ki, son vaxtlar dünyanın böyük iqtisadiyyatları sürətlə inkişaf edir. Məsələn, bu ilin yanvar ayında Yaponiyada işsizlik səviyyəsi son 20 il üzrə ən aşağı həddə düşüb ki, bu da ölkənin iqtisadi artımının yüksək sürətindən xəbər verir. ABŞ-da isə ötən il iqtisadi artım 2,3% təşkil edib ki, bu da 2016-cı ilə nisbərən 0,8 faiz bəndi çoxdur. Avropa İttifaqı ölkələri isə ümumi daxili məhsulun (ÜDM) artım tepmini 2%-dən 2,4%-ə çatdırıb. Bir sözlə, inkişaf etmiş ölkələr və regionlar üçün iqtisadi böhranın arxada qalması, onların sürətlə inkişaf etməsi dünyada neftə tələbatı artıra, “qara qızıl”ı daha da bahalaşdıra bilər. Amma bunun üçün həmin ölkələr sərt pul-kredit siyasətini uzun müddət davam etdirməli deyil. Əks təqdirdə iqtisadi aktivlik aşağı düşə, neftə tələbat və onun qiyməti azala bilər.
Neftin ucuzlaşması həm də Çin və ABŞ arasında gedən, qalibin müəyyənləşdirilməsi mümkün olmayan ticarət müharibələri bağlı ola bilər. Bundan başqa, uzun müddətdir ki, enerji istehsalında balans alternativ enerji mənbələrinin xeyrinə dəyişir. Hələ 2017-ci ilin mart ayında ABŞ-ın Enerji İnformasiya Agentliyi bəyan edib ki, ölkədə istehsal olunan enerjinin 19,35%-i alternativ mənbələrin payına düşür. Halbuki, qurum 2012-ci ildə açıqladığı “İllik enerji dəyərləndirilməsi” adlı hesabatında bəyan etmişdi ki, ABŞ-da alternativ enerji istehsalının ümumi enerji istehsalında payı 2035-ci ildə 15%-ə çatacaq. Göründüyü kimi, Agentliyin proqnozu düzgün çıxmayıb və son 5 il ərzində ənənəvi enerji istehsalının ümumi enerji istehsalından payı daha sürətlə azalıb. Bu isə neftin qiymətinə mənfi təsir edə bilən ciddi amil kimi qəbul olunmalıdır.
*Report