7 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycanda ABŞ modeli tətbiq olunsun”

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə 6444 manat sığorta haqqı toplanılıb. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.

Qeyd olunan sığorta növü üzrə həyata keçirilmiş sığorta ödənişləri isə bundan, təxminən, 10 dəfə çox – 64 min 371 manat olub. Başqa sözlə, kənd təsərrüfatı bitkilərinin sığortası üzrə zərərlilik, təqribən, 1000%-dir. İki ayda qalan bütün sığorta növləri üzrə yığımlar ödənişləri üstələyib. Bəzi sığorta növlərində zərərlilik nisbətən yüksək olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a açıqlama verib. O, ümumiyyətlə, kənd təsərrüfatı sığortalanmasının bir qədər problemli məsələ olduğunu deyib: “Bu problem təkcə bizdə deyil, bütün dünyada var. Yəni sığorta şirkətləri o qədər də bu sığorta məhsuluna həvəslə yanaşmır. Çünki kənd təsərrüfatında risklər həddindən artıq çoxdur”.

Ekspert bildirib ki, bu məsələdə dünya təcrübəsində ABŞ modeli, Kanada modeli, Türkiyə modeli və digər modellər mövcuddur. Ən mükəmməli isə ABŞ modelidir: “Hazırda Rusiya da ABŞ modelinə keçmək istəyir və bunun üzərində işləyir. Məsələn, bizdə sığorta şirkəti və fermer var. Amma ABŞ modelində isə 3 tərəf – dövlət, sığorta şirkəti və fermer iştirak edir”.

“Burada sığorta hadisəsinə nəzarəti, əsasən dövlət üzərinə götürür. Məsələn, ABŞ-da əkin sahəsi yararsız vəziyyətə düşürsə, federal korporasiyalar bu sığorta hadisəsinin necə və nə üçün baş verdiyini araşdırırlar. Və yaxud federal korporasiyalar hadisə ilə bağlı sığortanın ödənilib-ödənilməməsinə görə qərar qəbul edir. Ondan sonra sığorta şirkətinə rəy verilir ki, fermerə dəymiş ziyan ödənilməlidir”, — deyə o, əlavə edib.

İqtisadçı qeyd edib ki, ziyanın ödənilməsi də əkilən məhsulun strateji məhsul olmasından asılı olaraq müxtəlifdir: “ABŞ-da sığorta hadisəsi kateqoriyalara bölünür. Burada, əsasən təbii fəlakət nəticəsində (quraqlıq, sel və s.) baş verən hadisələri nəzərə alırlar. Məsələn, əkin sahəsi yanıbsa, bu, çox ciddi şəkildə araşdırılır və əksər hallarda fermerə dəymiş ziyan ödənilmir. Çünki burada manipulyasiya etmək bir az asandır. Məsələn, ola bilər, fermer özünə məxsus olan əkin sahəsində taxılı kombaynla biçdikdən sonra yerdə qalan otları yandırsın və sığorta şirkətini çağırsın ki, sahəm yanıb. Yanğından sonra da sahədə taxılın olub-olmadığını bilmək olmur”, — ekspert deyib.

“Digər bir misalla heyvandarlığı götürək. Ola bilər, şəxs öz heyvanını kəsib satsın, sonra da başqa bir ölmüş heyvanı göstərsin ki, heyvanım xəstələnib ölüb. Yəni başqa bir ölmüş heyvanı öz heyvanı kimi göstərə bilər. Belə hadisələr də olur. Ona görə də, əsasən təbii fəlakət nəticəsində dəymiş ziyan ödənilir. Ona görə dövlət bununla özü məşğul olmalıdır. Yəni burada 3 tərəf olmalıdır”, — M.Həsənov vurğulayıb.

“Zənnimcə, ən mükəmməl model ABŞ modelidir. Və bu model Azərbaycanda tətbiq olunsa, daha effektiv olar” — həmsöhbətimiz əlavə edib.

İqtisadçı-ekspert Rəşad Həsənov da açıqlamasında deyib ki, kənd təsərrüfatının sığortası dünyanın hər yerində ən riskli sığorta sahələrindən biridir: “Ona görə də əksər ölkələrdə effektiv sığorta sisteminin qurulması məqsədilə bu istiqamətin dövlət tərəfindən subsidiyalaşdırılmasına ehtiyac yaranır. Və bir çox dövlətlər bu öhdəliyi öz üzərinə götürür”.

R.Həsənovun sözlərinə görə, Azərbaycanda da bənzər mexanizmlərin işlənib hazırlanmasına ehtiyac var: “Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ildən etibarən bu istiqamətdə müəyyən normativlərin hazırlanmasına başlayıb. Amma düşünürəm ki, bu normativlər və öhdəliklər kənd təsərrüfatı sektorunda sığortanın inkişafını dəstəkləməyəcək”.

O, diqqətə çatdırıb ki, ümumiyyətlə, kənd təsərrüfatı sektorunda sığortanın həcmi də kifayət qədər aşağıdır: “Rəsmi qurumların açıqladığı məlumatlara görə, bu sektorun cəmi 5 faizində sığorta prosesi baş verir. Yəni 95 faizi isə sığortadan kənarda qalır. Bu, mənfi göstəricidir. Eyni zamanda, bu, Azərbaycanda aqrar sektorda risklərin daha yüksək olmasını şərtləndirməklə bu istiqamətdə investisiya axınını azaldan məqamlardan biri hesab olunur”.

“Ona görə bu sektorda yığılan sığorta haqları ilə sığorta ödənişləri arasında kəskin fərq olması təbiidir. Bu, gözləniləndir. Dünya təcrübəsində də oxşar göstəricilər müşahidə olunur. Amma eyni zamanda, sığorta şirkətlərinin növbəti dövrlərdə prosesdə iştirakçılığını təşviq etmək məqsədilə bu yükü dövlət öz üzərinə götürməlidir. Və sığorta şirkətlərinin zərəri dövlət tərəfindən kompensasiya olunmalıdır” — Həsənov vurğulayıb.

Onun sözlərinə görə, əks halda növbəti dövrlərdə biz artıq sığorta sferasının kənd təsərrüfatında daha da kiçilməsini müşahidə edəcəyik və şirkətlər, demək olar ki, kənd təsərrüfatı sektorunda sığorta prosesini həyata keçirməyəcək: “Bu da ümumiyyətlə, ölkə iqtisadiyyatında kiçik pay olsa da, məşğulluğun 37 faizinə malik olan bir sektorda geriləməni şərtləndirə bilər”.

Son xəbərlər
Digər xəbərlər