2018-2020-ci illərdə Asiya İnkişaf Bankı (AİB) Azərbaycana ümumilikdə kredit proqramı çərçivəsində 900 mln. dollar vəsait ayıracaq.
Bankın yaydığı məlumata istinadən, sərmayə resursları – Asiya İnkişaf Fondu və digər xüsusi fondlar hesabına Azərbaycana ayrılan kreditlər və qrantların ümumi həcmi 2,46 mlrd. dollara bərabərdir.
“2017-ci ilin dekabrında AİB Azərbaycanda iki proqram üçün 650 milyon dollar məbləğində krediti təsdiqləyib. İlk proqram 400 milyon dollar məbləğindəki Dəmir Yolu Sektoru İnkişaf Proqramıdır. İkinci proqram isə 250 milyon dollar məbləğindəki Hökumət və İctimai Sektorun Effektivlik Proqramıdır. Bundan başqa, AİB qeyri-hökumət təşkilatları və özəl sektora da birbaşa kreditlər, kapitala investisiyalar və digər formalarda maliyyə yardımı göstərir. 2017-ci ildə AİB-in öz ehtiyatları hesabına maliyyələşən 29 qeyri-hökumət kreditləşməsi üçün 3,17 mlrd. dollar vəsait ayrılıb. Ümumiyyətlə, 2017-ci ildə 27 tranzaksiya çərçivəsində 2,29 mlrd. dollar vəsait ayrılıb. 2017-ci il dekabrın 31-nə kapital ehtiyatları hesabına qeyri-hökumət təşkilatlarına ayrılan vəsaitin məbləği 10,9 milyard dollar olub,” – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Azərbaycan AİB-ə 1999-cu ildə qoşulub. Bugünədək AİB Azərbaycana kreditlər, qrantlar v texniki yardım formasında 4,61 mlrd. dollar vəsaitin ayrılmasını təsdiqləyib.