İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması qaydasına dəyişiklik edilib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliklərə əsasən, internet telekommunikasiya xidməti göstərən provayder dedikdə, artıq təkcə internet və host provayderlər nəzərdə tutulmayacaq.
Operatorun və provayderin uçota alınmasından imtina halları olmadıqda, operator və provayder 7 (yeddi) iş günü müddətində uçota alınacaq.
Göstərilən xidmətlərin texniki-təşkilati imkanları bu Qaydanın 3.3.2-ci yarımbəndində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda ərizədə göstərilən xidmətlərin texniki-təşkilati imkanlarına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən aidiyyəti qurumların iştirakı ilə baxış keçiriləcək.
Eləcə də, Nazirliyin internet informasiya ehtiyatında yerləşdirilmiş uçot məlumatları həmin məlumatlarda dəyişikliyin olması barədə müraciətə baxıldıqdan sonra 3 (üç) iş günü ərzində yenilənəcək.
Uçota alınması üçün təqdim edilmiş məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, operatorlar və provayderlər və ya onların səlahiyyətli nümayəndələri dəyişiklik baş verdiyi gündən 10 (on) gün müddətində “Elektron hökumət” portalı vasitəsilə təsdiqedici sənədləri müraciətlərinə əlavə etməklə Nazirliyə məlumat verməlidirlər.
Uçota alınmış operator və ya provayder tərəfindən xidmət göstərilməsinin dayandırıldığı barədə müvafiq ərizə təqdim edildikdə uçot barədə məlumatlarda dəyişikliklər edilməsi, uçotun ləğv olunması mümkündür.
Operatorların və provayderlərin uçot məlumatlarında dəyişiklik edilməsi və ya uçotunun ləğv olunması ilə əlaqədar müraciət zamanı verilən məlumatların qəbul edilməsi barədə müraciət edən şəxsə elektron təsdiqetmə bildirişi göndəriləcək. Həmin müraciətə Nazirlik tərəfindən 3 (üç) iş günü müddətində baxılacaq və uçot məlumatlarında bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş qaydada dəyişiklik ediləcək.
Bundan əlavə, Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Qaydanın 3.3.1-ci, 4.3.3-cü və 4.3.5-ci yarımbəndləri ilə əlaqədar operatorlar və provayderlər barədə məlumatların “Elektron hökumət” portalı vasitəsilə Nazirlik tərəfindən əldə edilməsi üçün şərait yaradacaq.