Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində yeni fərmanlar təsdiq edilib.
İpoteka və Kredit Zəmanət Fondundan Banker.az-a bildiriblər ki, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və mənzil probleminin həlli son illər ərzində daima Azərbaycan Respublikası Prezidentinin diqqət mərkəzində olub, hökumət tərəfindən bu sahədə davamlı tədbirlər həyata keçirilib. Ölkədə məcburi köçkünlərin məskunlaşması üzrə yaşayış məntəqələri, qəsəbələr salınıb, əhalinin uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi mexanizmi yaradılıb, sosial evlərin tikintisinə başlanılıb.
Qeyd etmək lazımdır ki, fəaliyyətə başladığı 2006-cı ildən etibarən əhalinin mənzil təminatı sahəsində dövlətin yürütdüyü sosial siyasətin həyata keçirilməsində fondun özünəməxsus rolu olub. 2018-ci il aprelin 30-da fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1 milyard manatı ötüb, fondun fəaliyyəti dövrü ərzində 22 mindən çox ailə ipoteka kreditləri hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub.
Məlum olduğu kimi, 2017-ci il ölkəmizdə dərin və köklü iqtisadi islahatlar ili kimi tarixə düşüb. Sosial və iqtisadi həyatın müxtəlif sahələrində həyata keçirilmiş yeniliklər və təkmilləşdirmə işləri əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətindən də yan keçməyib. Belə ki, ötən il ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi fondun fəaliyyət istiqamətlərinə daxil edilib.
Həyata keçirilən iqtisadi islahatların davamı olaraq, Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılması və eyni zamanda ölkədə iqtisadi inkişafın dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1 və 2 may 2018-ci il tarixli fərmanları ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində özündə bir sıra mühüm yenilikləri əks etdirən sənədlər təsdiq edilib. Təsdiq olunan sənədlər inkişaf etmiş ölkələrdə geniş şəkildə tətbiq olunan və uğurla sınaqdan keçmiş beynəlxalq təcrübə, əhalinin tələbi və yerli xüsusiyyətlər nəzərə alınmaqla hazırlanıb. Qəbul edilmiş yeniliklər fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq, ipoteka kreditləşməsini və ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə biznes kreditlərinə təminatların verilməsi sahəsini əhatə edir.
İpoteka kreditləşməsində mühüm yeniliklər əsas etibarilə şəxsi yığımları az olan, aşağı gəlirli, eləcə də gəlirləri tam rəsmi təsdiqini tapmayan əhalinin ipoteka kreditlərinə çıxışının genişləndirilməsinə, əhalinin ipoteka kreditləri hesabına daha müasir tələblərə uyğun və yeni yaşayış sahələri ilə təmin edilməsinə, ödəmə qabiliyyəti müvəqqəti pisləşmiş borcalanların hüquqlarının müdafiəsinin təmin edilməsinə yönəldilib.
İpoteka kreditləşməsi sistemində əsas yeniliklər aşağıdakılardır:
“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası”nın təsdiqi – ilkin ödəniş məbləği az olan borcalanlar üçün ipoteka kreditləri üzrə zəmanət mexanizminin yaradılması, borcalan tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməməsi halında ipoteka predmetinin satışından əldə olunan vəsait ilə kredit borcu arasında yarana biləcək fərqin fond tərəfindən qarşılanmasına zəmanət verilməsi borcalanların daha az ilkin ödəniş məbləği ilə ipoteka kreditlərindən yararlanmasına şərait yaradacaq;
– mənzil-tikinti sektorunun stimullaşdırılması, ipoteka kreditləşməsi sistemində risklərin etibarlı idarə edilməsi, əhalinin daha müasir və rahat yaşayış sahələri ilə təmin edilməsi məqsədilə aşağı gəlirli, gəlirləri tam rəsmi təsdiqini tapmayan və ya gəlirlərinin rəsmiləşdirilməsi mümkün olmayan (kənd təsərrüfatı və s.) borcalanlar üçün yeni ipoteka mexanizmlərinin tətbiqi;
– yaşayış sahələrinin tikinti ili, layihəsi, istismar vəziyyəti və yerləşmə yerinə dair tələblərin müəyyən edilməsi;
– restrukturizasiya mexanizminin yaradılması – mexanizm çərçivəsində iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borcalanın maliyyə çətinliyinin yarandığı hallarda borc öhdəliyinin icrasını təmin etmək məqsədilə kreditin müddətinin uzadılması, kredit üzrə faiz dərəcəsinin azaldılması, ödənişlərə 1 ildən çox olmayan müddətə fasilə verilməsi, hesablanmış faizlərin kapitallaşdırılması kimi borcalana güzəştlərin tətbiqi nəzərdə tutulur.
Fondun yeni fəaliyyət istiqaməti olan sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi mexanizminin sağlam əsaslarla qurulması və işə salınması, tətbiq olunacaq faiz subsidiyası mexanizminin effektivliyinin artırılması, kredit zəmanət mexanizmi üzrə əməliyyatların avtomatlaşdırılması məqsədilə aşağıdakı yeniliklərin tətbiqi nəzərdə tutulur:
– kredit zəmanət şərtlərinin sadələşdirilməsi (zəmanət məbləğinin artırılması, zəmanətə dair tələblərin asanlaşdırılması və s.)
Faiz subsidiyası mexanizminin effektivliyinin artırılması – dəyişikliyə əsasən borcalan tərəfindən kredit faizlərinin yalnız onun üzərinə düşən hissəsinin ödənilməsi, faiz subsidiyasının isə fond tərəfindən birbaşa müvəkkil banka köçürülməsi nəzərdə tutulur. Bu dəyişiklik borcalanın likvidliyinin idarə edilməsini və əlavə dövriyyə vəsaitlərinə çıxışını asanlaşdıracaq.
Zəmanətin verilməsi prosesinin elektronlaşması – “Elektron ipoteka” sisteminin təkmilləşdirilməsi və yeni “Elektron ipoteka və kredit zəmanət” sisteminin tətbiqi,fond tərəfindən zəmanətin verilməsi prosesinin elektronlaşmasına və avtomatlaşdırılmasına, müvəkkil banklarla hesabatlılığın elektron qaydada aparılmasına şərait yaradacaq.
Bu yeniliklərin tətbiqi əhalinin mənzil təminatının yüksəldilməsinə, ipoteka kreditləşməsinin mütərəqqi beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, eləcə də sahibkarların kredit zəmanət mexanizmi vasitəsilə maliyyə resurslarına çıxış imkanlarının daha da genişləndirilməsinə şərait yaradacaq.