“Ötən iclaslarda sosial reklam haqqında çox mühüm əlavələr və düzəlişlər etmişik. Məsələn qeyd edildi ki, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımını təmin etməlidir. Yəni, biz hətta bu bəndi televiziyalar qarşısında bir vacib vəzifə kimi qoymuşuq. Lakin görürük ki, bizim bu qanunumuza telekanallar elə də əməl etmir. Və ümumiyyətlə sosial reklam məsələsi bir mühüm problem kimi, efir məkanında qalmaqdadır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında reklam bazarı ilə bağlı müzakirə zamanı deputat Elmira Axundova bildirib.
“Eləcədə mobil telefon istifadəçilərinin razılığı olmadan onlara bezdirici reklamların göndərilməsi problemi qalmaqdadır. Halbuki biz bunu da həmin qanunla qadağan etmişik. Ona görə mən yenə də qanunlarımızın icrasına görə nəzarət mexanizmlərinə diqqət yetirmək istəyirəm. Biz çox gözəl qanunlar işləyib hazırlayırıq, lakin onların icrası çox zəifdir. Bu da Milli Məclisin imicinə xələl gətirir. Ona görə müvafiq orqanlardan tələb etmək lazımdır ki, müvafiq qanunlarımızın icrasına nəzarəti gücləndirsinlər. İkinci mənim təklifim 14.1-ci maddəyə aiddir. Burada yazılır ki, yayımlanan reklam “vizual (görüntülü) və (və ya) akustik (səsli)“ şəkildə fərqlənməlidir. Hesab edirəm ki, bu səsli məsələsinə biz bir də qayıtmalıyıq. Çünki bilirik ki, reklamlar yayımlananda səs birdən birə qalxır və daha da bezdirici formada evlərimizə daxil olur. Mənim yadımdadır ki, Rusiya Dumasında hətta bu məsələyə baxaraq, reklamların yüksək səslə verilməsini qadağan etmişdilər. Ona görə hesab edirəm ki, akustik, yəni səsli şəkildə fərqlənməsi məsələsi qanundan çıxarılmalıdır. Çünki, bu reklamçılar tərəfindən sui-istifadəyə gətirib çıxaracaq”, – deyə deputat bildirib.