3 C
Baku
Saturday, December 14, 2024

Emosional çökmə sindromu nədir?

Emosional çökmə sindromu – insanın uzun müddətli emosional yorğunluğu səbəbindən həyata olan marağının itirilməsidir.  Bu sindrom istənilən insanda yarana bilər və bu ardıcıllıqla inkişaf edir: özünü təsdiq etmək üçün can atmaq; daha çox işləməyə qərar vermək; öz ehtiyaclarına laqeyd yanaşmaq; mübahisənin səbəbini anlamamaq; dəyərlərin dəyişməsi (dostları, tanışları, ailəni itirmək); yaranmış problemləri inkar etmək; sosial təcridolma; davranışlarda əhəmiyyətli dəyişiklik; daxili boşluq; depressiya.

Emosional çökmə sindromunun yaranma səbəbi stressdir. Bu stress isə zəngin həyatdan – çoxsaylı görüşlər, iclaslar, layihələr, öhdəlikləri yerinə yetirmək üçün qeyri-real zaman və s. ilə əlaqədar olaraq yaranır. Stress özlüyündə elə də böyük problemlərə səbəb olmur. Lakin uzun müddətli və çoxsaylı stresslər bəzən insanın dözüm həddini aşıb keçir.

Emosional çökmə sindromu ilə necə mübarizə aparmaq olar?

1. Öz həyat motivlərinizi təhlil edin. Adətən müəllimlər, həkimlər, menecerlər və insanlarla daha çox ünsiyyətdə olan insanlar vəzifələri baxımından özlərini təmkinli və nəzakətli aparmalıdırlar. Bu səbəbdən də onlar insanları sevməyi bacarmalıdırlar. Əgər bunu bacarmırsınızsa, işinizi dəyişmək barədə düşünməyiniz məsləhətdir.

2. Həyatınızı sadələşdirin. Televizor, internet, mobil telefon və digər kütləvi informasiya vasitələri bizə işimizdə kömək edir. Lakin bununla yanaşı, biz onlardan çox sayda lazımsız informasiya əldə edirik. Bu bizi öz vacib öhdəliklərimizdən yayındırır, zamanımızı və ağlımızı məşğul edir və son nəticədə bizə elə gəlir ki, həddindən artıq yüklənmişik.

3. İstirahətə zaman ayırın. Beyninizin dincələ biləcəyi faydalı fiziki işlərə üstünlük verin. Buna ən yaxşı nümunə olaraq bağda və yaxud bostanda işləməyi, gül əkməyi, parkda gəzməyi və s.ni göstərmək olar. Təbiətdə istirahət etmək bərpaedici təsirə malikdir. Bu zaman televizor və internetdən bacardığınız qədər uzaq durmağa çalışın.

4. Sağlam qidalanmağa çalışın. Əsasən bitki qidalardan istifadə etməyə çalışın, kofe, çay, spirtli içki və kəskin ətriyyatlardan uzaq olun. Gündə 6, 8 stəkan su istifadə etmək vacibdir.

5. Yuxu və qidalanmanızı mütəmadi rejim altında həyata keçirməyə çalışın.

6. Özünüzü yuxu ilə məhdudlaşdırmayın. Orta həddlə insana gündə 7-8 saat yatmaq mütləqdir.

7. Heç olmasa həftədə bir dəfə istirahət edin.

8. Yerinə yetirə bilməyəcəyiniz şeylər üçün söz verməyin. Özümüzü yükləyərək əsəbi və aqressiv oluruq. Çünki özümüzü yerinə yetiriləcək öhdəliklər ilə yüklənmiş hiss edirik.

Son xəbərlər
Digər xəbərlər