2017-ci ildə daxil olmuş müraciətlər üzrə yoxlamaların nəticələri əsasında aparılmış araşdırmalar zamanı aşkar edilmiş xidməti pozuntulara yol verdiklərinə görə, 209 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Bunu Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Qasımov Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışarkən bildirib.
F. Qasımovun sözlərinə görə, bunlardan 10 nəfər gömrük orqanlarından xaric edilib, 2 nəfər tutduğu vəzifədən azad edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin rütbəsi bir pillə aşağı salınaraq, 47 nəfərə sonuncu xəbərdarlıq, şiddətli töhmət, 114 nəfərə töhmət əlavə edilib, 30 nəfərə irad tutulub.
“2017-ci il ərzində fiziki və hüquqi şəxslər tərəfindən Dövlət Gömrük Komitəsinə daxil olmuş müraciətlərin araşdırılması nəticəsində 33 gömrük orqanı əməkdaşı nizam-intizam məsuliyyətinə cəlb edilib. Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsi tərəfindən aparılan xidməti araşdırma zamanı korrupsiya və digər cinayət əməlləri törətməkdə təqsirli bilinən 10 gömrük orqanı barədə toplanmış materiallar aidiyyatı üzrə prokurorluq orqanlarına, 7 gömrük orqanı əməkdaşı barədə toplanmış materiallar isə araşdırma məqsədilə komitənin İstintaq İdarəsinə göndərilib. “