Bu gün Bakıda Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə 4-cü təlim kursuna başlanılıb.
Budəfəki kurs “Gənclərin məşğulluğunun təşviqi üzrə aktiv əmək bazarı siyasətləri” mövzusuna həsr olunub.
Dörd gün davam edəcək təlim kursunun açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev, ölkəmizdə səfərdə olan Litvanın sosial təminat və əmək nazirinin müavini Eqle Radisauskiene, BƏT-in baş mütəxəssisi Mixail Puşkin, BMT İnkişaf Proqramının qrup rəhbəri Corc Buma iştirak edib.
S.Babayev əhalinin səmərəli məşğulluğuna yönəlmiş tədbirlərin gücləndirilməsinin Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu və bu sahədə dövlət məşğulluq orqanları qarşısında mühüm vəzifələr dayandığını vurğulayıb. Nazir bildirib ki, aparılan islahatların bir istiqaməti məşğulluq xidmətlərinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında təkmilləşməsinə yönəlib. İşsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasında məşğulluq orqanlarının daha effektiv alətlərdən istifadəyə əsaslanan səmərəli fəaliyyət mexanizminin, müasir iş modelinin qurulması üçün aparılan islahatlarda “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da yeni imkanlar yaradıb.