6 C
Baku
Saturday, December 14, 2024

Prezident Dövlət Komissiyası yaratdı, Şahbazovu sədr təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş vermişdir. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranmışdır. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat əsasən bərpa olunmuşdur.

Prezident “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

Komissiyanın sədri

  • Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiya sədrinin müavini

  • Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri

  • Azərbaycan Respublikasının daxili işlər naziri
  • Azərbaycan Respublikasının fövqəladə hallar naziri
  • Azərbaycan Respublikasının Baş prokuroru
  • Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
  • “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
  • “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
  • Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı
  • Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru.

Sərəncamda qeyd olunur ki,

Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırsın və bu barədə Prezidentə məlumat versin;

qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;

görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin.

Baş Prokurorluğu baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Son xəbərlər
Digər xəbərlər