8 C
Baku
Thursday, November 7, 2024

“IDC”: “İnternetə qoşulan ev qurğuları bazarı sürətlə artır”

“IDC” analitik şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ildə dünyada 433,1 milyon internetə qoşulan ev qurğusu satılıb. Bu, əvvəlki ildən 27,6 faiz çoxdur. 2022-ci ilədək illik satış həcminin 939,7 milyon qurğuyadək artacağı gözlənilir ki, bu da 18,5 faiz illik orta artım tempinə uyğundur.

“Computerworld” resursuna istinadən, intellektual ev qurğuları bazarı yenicə inkişaf etməyə başlasa da, alıcı və istehsalçıların davranışında artıq dəyişikliklər baş verib. Avadanlıq istehsalçıları qurğuların işini müxtəlif virtual köməkçi funksiyaları (Alexa, Siri, Google Assistant) ilə təmin etməyə çalışırlar, alıcılar isə belə funksiyalara ehtiyatla yanaşsalar da, əksər ev qurğuları üzərində daha təbii idarəetmə interfeysi əldə etmək istəyirlər.

Pul ifadəsində bazarın təxminən 1/4 hissəsini televizorlar və digər videoqurğular tutur. Onların qiyməti orta hesabla digər qurğulardan bahadır. Böyüklüyünə görə ikinci seqment ötürücü və mühafizə qurğularıdır (elektron qıfıl, kamera, zəng, rütubətölçən cihazlar və s.)

Son vaxtlar virtual köməkçilərlə təchiz edilən “ağıllı” kolonkalar populyarlıq qazanır, “Apple” şirkəti ilə rəqabət aparan “Google” və “Amazon” kənar istehsalçılarla sazişlər imzalamağa başlayıblar.

Analitiklər işıqlandırma cihazlarının böyük potensiala malik olduğunu düşünürlər. 2022-ci ilədək onların satışı 3,5 milyard dolları ötə bilər. Bundan əlavə, termostatların (Nest, Ecobee və s.) satışı sürətlə artır, lakin bu seqmentin həcmi kiçik olaraq qalır.

Son xəbərlər
Digər xəbərlər