6 C
Baku
Sunday, December 15, 2024

Bu ilin birinci yarısında inflyasiya birrəqəmli olmaqla 3 faiz təşkil edib

Bu ilin birinci yarısında ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artıb, inflyasiya birrəqəmli olmaqla 3 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətdə 2,5 faiz artıma nail olunub.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O bildirib ki, ötən altı ayda dövlət büdcəsinin gəlirləri 9,8 milyard manat, xərcləri 9,5 milyard manat olub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 275 milyon manat və ya 7,3 faiz çoxdur.

“İqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 6,3 milyard manat əsas kapitala investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22 faiz, qeyri-neft sənayesi üzrə isə 69 faiz artıb.

Əhalinin gəlirləri 9,3 faiz artmaqla inflyasiyanı 6,3 faiz üstələyib. Orta aylıq əməkhaqqı illik müqayisədə 4 faiz yüksəlib, əhalinin sosial müdafiəsinə xüsusi diqqətiniz sayəsində dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda çalışanların əməkhaqqı, həmçinin pensiya və müavinətlər artıb”, – deyə nazir əlavə edib.

Son xəbərlər
Digər xəbərlər