Dövlət mülkiyyətçiliyinə əsaslanan tələbatı müəyyən edən meyarlar nəzərə alınmaqla “Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı” yenilənib.
“APA-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti”nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
Sənəddə qeyd edilib ki, dövlət əmlakının özəlləşdirilməsi prosesi sürətləndirilərək
40-a yaxın müəssisə və obyektin özəlləşdirilməsi barədə qərar qəbul edilib və 13-ü özəlləşdirilib.
Eyni zamanda, 1 müəssisənin bazasında səhmdar cəmiyyət yaradılıb, 1 birgə müəssisənin nizamnamə kapitalındakı dövlətin payı inventarizasiya olunaraq yenidən qiymətləndirilib satılıb. 2017-ci il ərzində 11 səhmdar cəmiyyətin səhmləri (9-u pul hərracları, 2-si investisiya müsabiqəsi vasitəsilə) özəlləşdirilib. İl ərzində hərracı keçirilmiş 699 kiçik dövlət müəssisə və obyektinin 527-si, icarəyə verilmiş qeyri-yaşayış sahələrindən isə 232-si, yəni ümumilikdə 759 müəssisə və obyekt satılıb. 336 obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı qərar qəbul edilib və 320 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.
Beləliklə, iqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına dair ümumi yanaşmanın koordinasiya edilməsini nəzərdə tutan 3 tədbirdən 2-si 67%, bir tədbir isə 33% icra olunub.