Nazirlər Kabineti “Torpağın dövlət ehtiyacları üçün alınması barədə” qərar verib.
Qərara əsasən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq.
Həmçinin Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həmin avtomobil yolunun layihəsi altına düşən torpaq sahələri alınacaq.
Maliyyə Nazirliyinə Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində və “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının maliyyələşdirilməsini təmin etmək tapşırılıb.